- Köhnə - Cəmiyyət
- 30 Aprel 2018 12:27
- 3 302
"Azərbaycan Xalq Cumhuriyyəti - Əhməd Cavad şəxsiyyəti" - Foto
Bu mövzuda kollecdə tədbir keçirilib
Şərqdə ilk Demokratik Cümhuriyyət 28 may 1918-ci ildə Azərbaycanda qurulub. 100 il əvvəl baş vermiş bu əlamətdar hadisəni qeyd etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 may 2017-ci il tarixdə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalayıb (https://president.az/articles/23701). Sərəncamda milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə müvafiq qurumlara göstərişlər verilib. Cari il yanvar ayının 10-da isə dövlət başçısının imzaladığı daha bir sərəncamla 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib (https://president.az/articles/26711/print). Bu sərəncamda da qeyd olunub ki, cəmi iki ilə yaxın (28 may 1918 - 28 aprel 1920) yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə Respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
Bu mövzuda silsilə maarifləndirici tədbirlər keçirmək üçün Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) kollektivi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə fəaliyyətə start verib. Həmin fəaliyyət çərçivəsində aprelin 27-də BİTKol-un akt zalında "Cümhuriyyət dövrü-Əhməd Cavad şəxsiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Əhməd Cavad şəxsiyyətinin tədqiqatçısı, əməkdar mədəniyyət işçisi Rəhman Salmanlı geniş məruzə ilə çıxış edib.
Daha sonra Fondun sektor müdiri Hacı Abdulla bu və ya digər səpgili mövzulara həsr olunmuş geniş layihələrdən söz açaraq, onların mütəmadi olacağını bildirib.
Tədbir tələbələrin suallarını cavablandırmaqla yekunlaşıb.
AzNews.az