“Həmin taksi sürücülərinə cəza verilməlidir” - Deputat əsəbiləşdi

Milli Məclisin deputatı, professor Fəzail İbrahimli Bakıda “London taksiləri” kimi tanınan taksi sürücülərinin xarici turistlərə qarşı yol verdikləri dələduzluq hərəkətlərini sərt şəkildə pisləyib.

AzNews.az xəbər verir ki, F.İbrahimli “Ölkə.Az”a açıqlamasında deyib ki, sözügedən taksi sürücüləri Azərbaycan haqqında mənfi rəy formalaşdırırlar:

“Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq isə birmənalı olaraq ciddi cinayət əməlidir. Təsəvvür edin ki, dövlət nə qədər pul xərcləyir, yollar bağlanır, insanlarımız əzab-əziyyət çəkirlər ki, “Formula 1” yarışları vasitəsilə Azərbaycanı dünyaya tanıdaq, ölkəmiz haqqında müsbət fikirlər yaradaq. Belə olan halda hər hansı taksi sürücüsü dövlətin gördüyü bu qədər işləri məhv edir. İnanın ki, bir neçə nəfər taksi sürücüsünün bu cür hərəkətləri 1000 adamın Azərbaycan haqqında müsbət rəy yaradılması üçün gördüyü işlərə ciddi xələl gətirir”.

Əgər növbəti dəfə də belə hallar təkrarlansa, bu cür hallara laqeyd yanaşılsa, deməli, taksi sürücüləri düz edir. Çünki cəzasızlıq mühitində hər kəs istədiyi addımı ata bilir”.