Səhiyyə Nazirliyi vəd verdi

İçlik vərəqələri Azərbaycan dilində olmayan dərman problemi qısa müddət ərzində həll olunacaq.

Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya açıqlamasında bildirib ki, dərman içliklərinin Azərbaycan dilində olması ilə bağlı qərar 2012-ci iyunun 1-dən qüvvəyə minib. Onun sözlərinə görə, iyunun 1-nə kimi ölkəyə idxal olunan dərman preparatlarının içlik vərəqələrində hələ də müəyyən xarici dillərdə məlumatlar olur: "Qısa müddət ərzində bu məsələ öz həllini tapacaq. Amma iyunun 1-dən sonra ölkəyə idxal olunan bütün dərman preparatlarının içlik vərəqələrinin Azərbaycan dilində olması tələb olunur və belə olmayan dərmanların ölkəyə idxalına Səhiyyə Nazirliyi tərəfindən icazə verilmir".

P.Əzizbəyli qeyd edib ki, bu gün bazarlarda içlik vərəqi Azərbaycan dilində olmayan dərmanların əksəriyyəti iyunun 1-dək ölkəyə idxal olunanlardır. Onun sözlərinə görə, bundan əlavə, bazarlarda dövlət qeydiyyatı olmayan dərmanlar da aşkarlanır: "Həmin dərmanların içlik vərəqələri Azərbaycan dilində ola bilər. İstənilən vətəndaşın hər hansı bir preparatla bağlı sualları olarsa, şübhələri yaranarsa Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin "Qaynar xətt" xidmətinin nömrələrinə zəng vura bilərlər. "Qaynar xətt" xidmətinin 596-07-12 saylı nömrələri bu gün bütün apteklərin üzərinə yazılıb. Bu xidmətə daxil olan dərman preparatları ilə bağlı şikayətlər araşdırılacaq və lazımi tədbirlər görüləcək".

AzNews.az