226 nəfər ədliyyə orqanlarına işə qəbulla bağlı imtаhаndan keçdi

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən AzNews.az-a verilən məlumata görə, Bakı İdman Zalında şəffaf şəraitdə keçirilmiş imtahanı aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyib, həmçinin tədbirin gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə "online" rejimində birbaşa canlı yayımlanıb.

"Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları"na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.

441 namizədin iştirak etdiyi imtahanın nəticələrinə görə 226 nəfər müvəffəqiyyət qazanıb (siyahı nazirliyin və DİM-nin (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib).

Test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunla müəyyən edilmiş bütün tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaq. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcək.