Rüstəm İbrahimbəyov: "Mehmanxanada olanda ağrılar tutdu, təcili tibbi yardım çağırıldı" Rüstəm İbrahimbəyov: "Mehmanxanada olanda ağrılar tutdu, təcili tibbi yardım çağırıldı"

“Demokratik qüvvələr birləşib vahid namizəd irəli sürməlidir”

Rüstəm İbrahimbəyov: "Mehmanxanada olanda ağrılar tutdu, təcili tibbi yardım çağırıldı"


Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı Rüstəm İbrahimbəyov "Media forum" saytının suallarını cavablandırıb.

- Fransa səfəriniz necə keçdi? Marseldə təşkil etdiyiniz kino və teatr festivalı yekunlaşdımı?

- Festival çox yüksək səviyyədə baş tutdu. Artıq 18-ci dəfədir ki, Marseldə kino və teatr festivalı keçirirəm. İşləri uğurla yekunlaşdırıb Fransadan Rusiyaya qayıtmışam.

- Festival iştirakçılarının Azərbaycanda üzləşdiyiniz problemlər, rəhbərlik etdiyiniz ittifaqa alternativ qurumun yaradılması, ofisdən çıxarılmağınız, ittifaqa cinayət işi açılması barədə məlumatı vardımı?

- İnformasiyalar çox sürətlə, geniş formada yayılır. Baş verənlər haqda eşidənlər çox təəssüflənirlər, təəccüblənirlər. Hazırkı hakimiyyətə münasibət çox mənfidir. Ölkədə diktatura olduğunu, korrupsiyanın, rüşvətin tüğyan etdiyini dünya mətbuatı geniş yazır, hamı bunu bilir.

- Səhhətinizdə problem olması haqda məlumat yayılmışdı. İndi necəsiniz?

- Böyrəyimdə daş var. Mehmanxanada olanda ağrılar tutdu, təcili tibbi yardım çağırıldı. Məni xəstəxanaya apardılar və bir gecə orada qaldım. Həkimlər üç-dörd gün daşı parçalamağa çalışdılar. İndi səhhətim normalıdır, özümü yaxşı hiss edirəm. Başqa bir problem yoxdur.

- Azərbaycandakı ictimai-siyasi prosesləri izləyə bilirsinizmi? EL hərəkatının elan olunmasını necə qiymətləndirirsiniz?

- EL-in təqdim olunmasını çox yüksək qiymətləndirirəm. Proses haqda daimi məlumat alıram. Yəni mənə prosesin gedişi, orada kimlərin təmsil olunması və sair haqda informasiya verirlər. Bu, ümumi ideya idi, hamımız belə bir hərəkatın yaradılmasına tərəfdar olmuşduq. Artıq ideya həyata keçirilib, hərəkat yaradılıb. Ölkəmizdə əhalinin bir hissəsi ictimai-siyasi proseslərdə iştirak etmir, səsverməyə getmir. EL hərəkatının əsas məqsədi insanların ictimai-siyasi fəallığını artırmaq, onları seçkiyə cəlb etməkdir. Bu, çox vacib bir məqsəddir və inanıram ki, müsbət nəticələr əldə olunacaq. Hərəkat yaxın zamanlarda özünü göstərəcək. EL hərəkatı Ziyalılar Forumu ilə birbaşa bağlı deyil, ayrı bir birlikdir. Ziyalılar Forumunda təmsil olunan şəxslərin hər kəsin öz peşəsi var və biz öz peşəmizlə məşğul oluruq. Forum EL hərəkatını dəstəkləsə də, onun işində birbaşa iştirak etmir. Bizim heç bir vəzifədə gözümüz yoxdur.

- Sizin əsas ideyanız Milli Şuranın yaradılmasıdır. Buna start verilibmi?

- Bu istiqamətdə iş aparılır. İndi şuranın tərkibinin təsdiqlənməsi üçün danışıqlar gedir. On beş gün, bir ay müddətində iş başa çatacaq və Milli Şura bütün demokratik qüvvələri birləşdirərək fəaliyyətə başlayacaq. Şuranın əsas məqsədi prezident seçkisinə hazırlaşmaqdır. Bütün imkanları səfərbər etmək, xaricdən kömək istəmək lazımdır ki, prezident seçkisi heç olmasa qismən azad, şəffaf və ədalətli olsun. İnanıram ki, ikinci mərhələdə Milli Şura vahid namizəd irəli sürəcək. Partiyalar, hərəkatlar, gənclər təşkilatları, bütövlükdə demokratik qüvvələrin hamısı birləşib vahid namizəd irəli sürməlidir. Müzakirələr onu göstərir ki, bütün demokratik qüvvələr Milli Şuranın yaradılmasını dəstəkləyir. Aparıcı siyasi partiyalarla bir necə görüş keçirilib. İndi şuraya daxil olacaq qüvvələri və şəxsləri müəyyənləşdirmək üçün məsləhətləşmələr aparılır.

- Milli Şuranın əsas təşkilatçısı kimdir?

- Üç-dörd aparıcı partiya və hərəkat bununla məşğul olur.

- AXCP və Müsavat Partiyası da təşkilatçılar sırasındadır?

- Həm AXCP, həm Müsavat Partiyası, həm də EL hərəkatı prosesdə iştirak edir, təşkilatçı kimi müzakirələr aparırlar. Görüşlər, müzakirələr tez-tez olur. Amma nəticələri elan etmirlər. Çünki proses yeni başlayıb.

- Milli Şuranın yaradılmasının sürətləndirilməsinə zərurət varmı?

- Azərbaycanda baş verənlər Milli Şuranın formalaşdırılmasının sürətləndirilməsini zəruri edir. İndi ölkədə çox qəribə vəziyyət yaranıb. Qəzetlər yazır ki, Rusiya Azərbaycanda hakimiyyət çevrilişinə hazırlaşır. Hətta hakimiyyətdən 20 milyard dollar tələb olunması, ölkənin qeyri-neft sektorunun ələ keçirilməsinə cəhdlər göstərilməsi kimi iddialar var. Eyni zamanda mətbuatda "Milyarderlər klubu" adlandırılan Rusiya Azərbaycan Təşkilatları İttifaqından tez-tez yazırlar, bu qurumun prezident Vladimir Putinin göstərişi əsasında yarandığınıı, məqsədinin Azərbaycanda hakimiyyəti devirmək olduğunu iddia edirlər. Bunların hamısı əsassız, mənasız uydurmalardır. Bu məlumatları hakimiyyət yayır, buna heç bir şübhə yoxdur. Digər tərəfdən isə hakimiyyəti təmsil edən bir necə deputat ABŞ-a gediblər. Orada deyiblər ki, Rusiya və İran Azərbaycana təzyiq edir, ölkəni əzməyə çalışırlar və iqtidar bunlardan narahatdır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə geniş müsahibə verib bildirir ki, ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyi ölkədə sabitliyi pozmağa çalışır, bunun üçün müxalif gənclərə 2 milyon dollar pul verilib. Guya gənclər həmin pulların hesabına hakimiyyəti devirməyə, çevriliş etməyə çalışırlar və Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyini yoxlamaq, onun fəaliyyətinə son qoymaq lazımdır. Bundan əvvəl isə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanı sərt formada tənqid etmişdilər. Onda da hakimiyyət nümayəndələri cavab vermişdilər ki, bunu edənlər bizim Avropada olan düşmənlərimizdir. İndi belə çıxır ki, Rusiya, ABŞ, Avropa, İran hamısı bizim düşmənimizdir və sabitliyi pozmağa, partlayış törətməyə, insanları küçələrə çıxarmağa və çevriliş etməyə çalışırlar. Hakimiyyət nümayəndələrinin hərəkətlərinə baxanda, mətbuatda yazılanları oxuyanda belə qənaətə gəlirsən ki, bütün xarici qüvvələr Azərbaycanda sabitliyi pozmağa çalışırlar və iqtidar da bundan bərk narahatdırlar. Lakin mən belə hesab etmirəm. Bu narahatlığın başqa səbəbləri var. Son proseslər, xüsusən də gənclərin həbsi hakimiyyətin narahatlığından irəli gəlir. Fəalların, xüsusən də REAL hərəkatının sədri İlqar Məmmədovun həbs olunması məni ciddi narahat edir. Azərbaycanın gələcəyi belə insanlarla bağlıdır. Günahsız insanların, o cümlədən İlqar Məmmədovun həbsi hakimiyyətin yeni planının tərkib hissəsidir. Hesab edirəm ki, yaxın zamanlarda repressiyalar güclənəcək, hakimiyyət demokratik qüvvələrə hücuma keçəcək, İlqar Məmmədov kimi fəalları, gəncləri təcrid etməyə, güc yolu ilə müxalifəti taqətdən salmağa çalışacaqlar. Əsassız ittihamlar, təzyiqlər artacaq. Birdən-birə Rusiyanın, ABŞ-ın, Avropanın düşmən elan olunması səbəbsiz ola bilməz. Belə informasiyaların yayılmasının məqsədi repressiya dalğasına zəmin hazırlamaqdır. "Nida" Vətəndaş Hərəkatı üzvlərinin həbsi, onları etirafedici ifadələr verməyə məcbur etmək də bunu təsdiqləyir. Hakimiyyətin son hərəkətləri məni çox narahat edir. Belə vəziyyətdə hamı ayağa qalxmalı, günahsız insanın həbsinə etirazını bildirməlidir. Nə səfirliklər, nə beynəlxalq demokratik institutlar, nə də Azərbaycan ictimaiyyəti ciddi etiraz bildirir. Bütün bunlar narahatlıq yaradır və belə davam etsə, səsini çıxaran hər kəsi dövlət çevrilişi ittihamı ilə həbsə atacaqlar.

-Rusiyanın payızda Azərbaycanda keçiriləcək prezident seçkisində mövqeyi necə ola bilər?

- Hesab edirəm ki, ən yüksək səviyyədə Azərbaycan-Rusiya münasibətləri yaxşıdır. Azərbaycanın yüksək vəzifəli dövlət rəsmiləri Moskvaya səfərlər edirlər, görüşlər keçirilər. Bu da münasibətlərin yaxşı olduğunu göstərir. Rusiya tərəfdən hakimiyyətə hansısa təhlükənin, qorxunun olmasına inanmıram. Bütün dünyada olduğu kimi, Rusiya hakimiyyəti və ictimaiyyəti də yaxşı bilir ki, Azərbaycanda qəddar diktatura rejimi mövcuddur. Bəzən pərdə arxasında bunu tənqid edirlər. Amma mətbuatda yazmırlar. Rusiyada informasiya ciddi nəzarətdədir və hakimiyyət tərəfindən idarə olunur. Qəzetlərdə Gürcüstandan, Özbəkistandan geniş yazırlar, Azərbaycan haqda heç nə yazmırlar. Bu da münasibətlərin yaxşı olmasının göstəricisidir. Gürcüstan prezidenti Mixail Saakaşvili bir müddət əvvəl Bakıya səfər etmişdi və qayıdanda Rusiyanın Azərbaycanda dövlət çevrilişi etməyə hazırlaşdığına dair bəyanat vermişdi. Hesab edirəm ki, bunlar əsassız sözlərdir. Amma belə informasiyalar səbəbsiz olmur, bunu hakimiyyət qəsdən yayır. Adətən belə məlumatlar yayan iqtidarların özləri nəsə hazırlayırlar ki, sonra desinlər vəziyyət belə gərgin olub, onlar da sərt addım atmaq məcburiyyətində qalıblar.

- Əvvəlki müsahibənizdə demişdiniz ki, vətənə gəlmək üçün ilk imkan martın sonunda yaranacaq. Azərbaycana gəlmək planınız varmı?

- Moskvada iki filimin çəkilişinə başlamışam, teatrda tamaşa hazırlayıram. Bu baxımdan işlərim çoxdur. Eyni zamanda Azərbaycandakı işlərlə bağlı mütəmadi məlumat alıram, gündə bir necə zəng edirlər, mən özüm də zəng edirəm. Oradakı işləri lazımı səviyyədə idarə və nəzarət edirəm. Ona görə də gəlib Azərbaycanda oturmağımın mənası yoxdur. Mən peşəkar siyasətçi deyiləm. Buna baxmayaraq əlimdən gələni edirəm. Amma bir daha bildirmək istəyirəm ki, əgər dostlarım desələr ki, Azərbaycana gəl, mütləq gələcəm. Konkret deyim ki, bu əsasən Milli Şura ilə bağlı olacaq.

- Azərbaycanda Novruz bayramı qeyd olunur. Siz necə, bayramı keçirə bilirsinizmi? Xalqa bir mesajınız varmı?

- Novruz bizim müqəddəs bayramımızdır. Bizim ailədə də bu bayrama həmişə böyük önəm verilib. İndi də ailəmizdə bu bayramı qeyd edirik. Yaz gəlir, təbiət oyanır. Ümid edirəm ki, bu yaz xalqımızın oyanışı, öz haqları uğurunda mübarizəyə qalxması ilə əlamətdar olacaq. İnanıram ki, bu il Azərbaycanda böyük, gözəl dəyişikliklər olacaq.

AzNews.az