“Mahir Abdullayev sağdır, bunu çoxdan bilirəm”

Adı ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı videoqalmaqallarda hallanan Səyyarə Heydərova "Yeni Müsavat"a açıqlama göndərib. Olduqca rabitəsiz fikirlərlə zəngin yazıya S. Heydərova facebook sosial şəbəkəsində Emil Nəcəfzadə və Ramin Nağıyevin ona yazdıqları mesajları da əlavə edib.

S.Heydərova iddia edir ki, Elşad Abdullayevin keçmiş YAP-çı və deputat, indi istintaq altında olan Gülər Əhmədova ilə bağlı yaydığı videonun saxta olduğunu bildirməsindən sonra adı çəkilən şəxslər onu təhdid edir, izləyir.

Yada salaq ki, S.Heydərova "Yeni Müsavat"a açıqlamasında Gülər Əhmədovanın Elşad Abdullayevdən Milli Məclis üzvü "seçilməsi" üçün 1 milyon rüşvət tələb etməsi haqqında yaydığı videonun montaj olduğunu deyib. Onun sözlərinə görə, Gülər Əhmədova ötən il videomateriallar yayılan kimi ondan Rusiyadakı kriminalistlərlə əlaqə yaratmasına vasitəçilik etməsini istəyib. Gülər Əhmədovanın məqsədi Rusiyalı ekspertlərdən videonun saxta olması haqqında rəy almaq olub. Ancaq sonra Gülər Əhmədova bu əməliyyatı dayandırıb.

Bundan başqa, S.Heydərovanın iddialarına görə, ABU rektorunun yaydığı ilk videoda onun illərdir itkin düşən qardaşı Mahir Abdullayev də görünür. Səyyarə Heydərova bildirir ki, Elşad Abdullayelə Ramin Nağıyev arasında əlaqə var, bundan başqa, R.Nağıyev Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, Ramin Nağıyevlə Elşad Abdullayevin əlbir olmasında məqsəd Azərbaycandakı iri dövlət məmurlarından şantaj yolu ilə böyük pullar qoparmaqdır: "Ramin Nağıyev mənə Moskvadan, Yunanıstandan dəfələrlə zəng edərək hədələyib. Həmin nömrələrə Azərbaycanın yüksək rütbəli məmurlarına da şantaj zəngləri daxil olub. Ancaq mən susmaq fikrində deyiləm. Bir daha bildirirəm ki, Mahir Abdullayev sağdır və mən bunu çoxdan bilirəm. Elşad Abdullayevin yaydığı ilk videoda Mahir Abdullayev görünür. Montaj da elə buna görə edilib".

Qeyd etdiyimiz kimi, Səyyarə Heydərova açıqlamasına facebook-dakı bəzi yazışmalarını da əlavə edib. Ancaq yazışmaların mənası və məqsədi aydın olmadığından onları çap etməyə lüzum görmədik.

Səslənən ittihamlarla bağlı Fransada mühacirət həyatı yaşayan Ramin Nağıyevin də mövqeyini öyrəndik. R.Nağıyev birdirdi ki, Səyyarə Heydərovaya heç zaman zəng vurmayıb: "O, mənim cavab verəcəyim səviyyədə birisi deyil, ona görə də heç nə anlaşılmayan fikirlərinə hər hansı cavab vermək fikrindən çox uzağam. Qoy nə istəyir, danışsın".

R.Nağıyevdən məsələyə münasibətini öyrənmək istəyərkən daha bir ilginc faktla qalşılaşdıq. Bəlli oldu ki, Səyyarə Heydərova onunla internet vasitəsilə yazışmamızın tam mətnini Ramin Nağıyevə göndərib. Həmin yazışmada Səyyarə Heydərova israrla açıqlamasının "Yeni Müsavat" qəzetində yerləşdirilməsini istəyir. Biz isə öz sıramızda bayram günləri olduğu üçün bunun mümkün olmadığını izah etməyə çalışırıq. S.Heydərovanın bu yazışmanı Ramin Nağıyevə nə məqsədlə göndərməsi bizə bəlli deyil. Ramin Nağıyev də bunun hansı məqsədlə edildiyini anlamaqda çətinlik çəkdiyini deyir. Onu da deyək ki, bir müddət öncə də S.Heydərovanın bu məsələ ilə bağlı facebookda müxtəlif şəxslərlə yazışmaları internet portallarına yerləşdirilmişdi.

AzNews.az