“Əsgərlərin qəsdən öldürülməsinə inanmıram”

“Azərbaycan Ordusunda baş vermiş son əsgər ölümləri ilə bağlı Müdafiə Nazirliyinin müvafiq strukturlarında çox ciddi tədbirlər görülüb. Həmin hadisələr üzrə cəzalandırılanlar oldu. Bu hadisələrlə bağlı Orduya nəzarət ciddi şəkildə artıb”.




Bunu publika.az-ın əməkdaşı ilə söhbətində Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova son əsgər ölümlərinə və buna etiraz olaraq keçirilən icazəsiz etiraz aksiyalarına münasibt bildirərkən səsləndirib. Onun sözlərinə görə, əsgər ölümləri ilə bağlı aparılan araşdırmalar hələ başa çatmayıb və yekun qərar verilməyib:

"Əsgərlərin necə və hansı şəraitdə öldüyü hələ dəqiqləşməyib. İlk növbədə, bunu dəqiqləşdirmək lazımdır. Bəzən haqsız iradlar səslənir, fikirlər yürüdülür. Amma ilk növbədə əsgər ölümlərinin səbəblərini ortaya çıxarmaq lazımdır. Mən inanmıram ki, bu, qəsdən törədilmiş bir hadisədir. Yəni, . Ola bilsin ki, bu hadisələr hansısa bir psixoloji vəziyyətdən, müəyyən çətinlikdən baş verib. Yenə də, son sözü istintaq orqanları deməlidir".

Buna görə də, Ordu ilə bağlı yersiz ittihamların səsləndirilməsinin əleyhinə olduğunu deyən Rəbiyyət Aslanova bildirib ki, ordunun üzərinə getmək, ordu quruculuğu sahəsində aparılan islahatlara, görülən işlərə kölgə salmağa cəhd etmək gərəksiz bir işdir.

Orduya ictimai nəzarətin gücləndirilməsinə də münasibət bildirən komitə sədri deyib ki, belə bir nəzarət artıq Azərbaycan Ordusunda mövcuddur:

"Azərbaycan ordusu qətiyyən qapalı deyil. Məsələn, biz özümüz bir qrup millət vəkili son bir neçə ayda müxtəlif hərbi hissələrdə olmuşuq, hərbi qulluqçularla görüşüb onların gündəlik qayğıları, problemləri və xidmətləri ilə maraqlanmışıq. Onların yatdıqları, yemək yedikləri yerlərə də baxış keçirmişik. Hətta, səngərlərə də gedib çıxmışıq. Yəni, Azərbaycan ordusu ictimaiyyət üçün qapalı deyil. Heç vaxt hansısa ziyalının, millət vəkilinin hərbi hissələrə getməsinin qarşısı alınmayıb, sədd çəkilməyib. Valideynlər, ziyalılar, millət vəkilləri istədikləri vaxt gedib hərbi hissələrə baş çəkə, hərbi qulluqçularla görüşüb onların şəraiti ilə tanış ola bilərlər. Bu baxımdan, Ordunun ictimaiyyətə qapalı olması ilə bağlı səslənən ittihamlarla razı deyiləm".

Rəbiyyət Aslanovanın fikrincə, bu gün orduda, hərbi hissələrdə nə baş verirsə, əsgərlər dərhal telefonla və ya məktubla ailələrinə, valideynlərinə xəbər verə bilirlər:

"Bu gün dünya o qədər kiçilib ki, 100 kilometr uzaqda baş verən hadisəni bir dəqiqənin içərisində burada öyrənmək olur. Ona görə də, əsgərin öz ailəsinə, yaxınlarına olanlarla bağlı məlumat verməsi çətin bir şey deyil".

Millət vəkili bir neçə deputat həmkarının son vaxtlar baş verən əsgər ölümləri ilə bağlı milli təhlükəsizlik, daxili işlər və müdafiə nazirlərinin parlament qarşısında hesabat verməsi təklifinə də münasibət bildirib.

Onun fikrincə, müharibə şəraitində olan bir dövlətin güc strukturlarının parlament qarşısında hesabat verməsi düzgün deyil:

"Güc strukturlarının gəlib Milli Məclisdə hər şey haqqında hesabat verməsini məqbul saymıram".

Rəbiyyət Aslanova sonda onu da bildirib ki, Milli Məclisdə rəhbərlik etdiyi İnsan hüquqları komitəsinə əsgər ölümləri ilə bağlı hər hansı müraciət daxil olmayıb.

AzNews.az