Fazil Mustafa: “Azyaşlı məsum uşaqların vəhşicəsinə qətlinə qarşı hər bir duyarlı vətəndaş ciddi etiraz səsini ucaltmalıdır” Fazil Mustafa: “Azyaşlı məsum uşaqların vəhşicəsinə qətlinə qarşı hər bir duyarlı vətəndaş ciddi etiraz səsini ucaltmalıdır”

Azərbaycanda ölüm hökmü bərpa olunur?

Fazil Mustafa: “Azyaşlı məsum uşaqların vəhşicəsinə qətlinə qarşı hər bir duyarlı vətəndaş ciddi etiraz səsini ucaltmalıdır”



Cəlilabadda martın 23-də ana və iki azyaşlı qızının qətlə yetirilməsi Azərbaycanda ölüm hökmünün bərpası məsələsini yenidən gündəmə gətirib.

Qaynar.info-da verilən məlumata görə, bu barədə millət vəkili Fazil Mustafa Facebook səhifəsində yazıb: "Dünən Cəlilabadda Quliyev soyadlı bir cani qohumu olan bir qadını və iki körpə uşağını öldürüb, izi itirmək üçün evlərini yandırıb. BU VƏHŞİYƏ ÖMÜRLÜK HƏBSMİ VERİLƏCƏK? Milli Məclisdə qəti şəkildə qaldıracağam ki, azyaşlı uşaqların qəsdən öldürülməsi, zorlanması, narkotikə cəlb olunması üçün mütləq ölüm hökmü barədə məsələ cəmiyyətin müzakirəsinə çıxarılsın. O iki körpə uşağın qətlinin heç bir bəraətverici izahı ola bilməz. Azyaşlı məsum uşaqların vəhşicəsinə qətlinə qarşı hər bir duyarlı vətəndaş ciddi etiraz səsini ucaltmalıdır".

Xatırladaq ki, martın 23-də saat 23.00 radələrində Cəlilabad şəhər sakini Musa Quliyev aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qohumu Nahidə Quliyevanı və onun azyaşlı uşaqları Mədinə və Nurayı çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb, daha sonra isə cinayətin izini itirmək məqsədilə onların yaşadığı evi yandırıb.

Cəlilabad Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitlərə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan mətbəx bıçağı aşkar edilərək götürülüb, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib, əməliyyat tapşırığı verilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq qrupu yaradılıb.

Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M.Quliyev martın 24-də tutulub. İlkin dindirmə və ifadənin yerində yoxlanılması zamanı o, törətdiyi cinayət əməlini tam etiraf edib. M.Quliyevin yaşadığı evə baxış keçirilən zaman üzərində qanabənzər ləkələr olan paltarlar aşkar edilərək götürülüb. Hazırda iş üzrə istintaq davam etdirilir.

AzNews.az