Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2018-ci ilin birinci yarımilliyində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

AzNews-un məlumatına görə, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə olunub.

Qeyd olunub ki, hesabat dövründə şəhər ərazisində 5854 cinayət hadisəsi qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə prokurorluq və daxili işlər orqanları üzrə qeydə alınmış cinayətlərin açılma faizi 2,2 % artaraq 82,1 %, ağır və xüsusilə ağır cinayətlərin sayı 412 hadisə və ya 38,5 % azalaraq 658 olub.

2018-ci ilin birinci yarımili ərzində qeydə alınmış 31 qəsdən adam öldürmə cinayətinin, o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adam öldürmə cinayətlərinin, eləcə də 16 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib.

Hesabat dövründə 37 quldurluq hadisəsi, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə az baş vermiş, onlardan bağlı qalanı olmayıb.

2018-ci ilin müvafiq dövründə ölümlə nəticələnən 115 yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdən 1-i bağlı qalıb.

Hesabat dövründə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş cinayət işlərinin təhlili göstərir ki, prokurorluqda icraatda olan 607 işdən 256-ı, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 7106 cinayət işindən 2312-nin istintaqı tamamlanıb.

2018-ci ilin birinci yarımilliyində baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun istintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 2 milyon 182 min manat maddi ziyandan 30.2 %-i yəni, 658 min manatı istintaq zamanı ödətdirilib, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 13 milyon 960 min manat maddi ziyandan 90.5 %-i yəni, 12 milyon 634 min manatı istintaq zamanı ödətdirilib.