Gəncə hadisələrinə görə məhv edilən şəxslərin üzərindən xeyli silah-sursat götürülüb

Gəncə hadisələri ilə əlaqədar zərərsizləşdirilən şəxslərin üzərindən avtomat, tapança, qumbara aşkar edilərək götürülüb.

Trend-in məlumatına görə, bu barədə prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, cari il iyulun əvvələrində Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş və ölkədə geniş ictimai rezonans doğuran terror aktı, həmin hadisələrin davamı olaraq din pərdəsi altında fəaliyyət göstərən və çoxları məhkumluq həyatı yaşamış cinayətkar aləmin ünsürlərinin Gəncədə törətdikləri kütləvi iğtişaş nəticəsində iki polis əməkdaşının - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasovun qəsdən öldürülməsi hüquq mühafizə orqanlarının ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyin qorunmasını və dövlət maraqlarının müdafiəsini labüd edib.

Radikal dini təriqətə mənsub, xarici ölkədə dini təhsil almış və Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş Yunis Səfərovun hakimiyyət nümayəndəsinə qarşı planlaşdırılmış terror aktı, baş tutacağı halda ölkədə xaos və iğtişaşlar yaratmağa yönəlmiş çağırışın öncədən hazırlanması, həmçinin bir neçə gün sonra baş verən kütləvi iğtişaşlar bu hadisələrin bir neçə ay əvvəldən nəzərdə tutulduğunu və dini-ekstremist təşkilatlarla sıx bağlı olduğunu göstərib.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bugünkü vaxtadək 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib, silahlı müqavimət göstərmiş 4 nəfər xüsusi xidmət orqanları tərəfindən zərərsizləşdirilərək məhv edilib, 13 nəfər barəsində isə həbsli axtarış elan olunub. Əməliyyat tədbirləri zamanı zərərsizləşdirilən şəxslərin üzərindən, eləcə də həbs edilən şəxslərin yaşadıqları ünvanlardan müxtəlif markalı avtomat, tapança, onlara aid sursat, qumbara və soyuq silahlar aşkar edilərək maddi sübut kimi götürülüb.