NATO-nun təlimi başladı - Hərbçilərimiz də iştirak edirlər

Gürcüstanın Vaziani hərbi bazasında NATO-nun “Layiqli tərəfdaş 2018” çoxmillətli hərbi təliminə start verilib.

APA-nın yerli bürosunun məlumatına görə, hərbi təlimin rəsmi açılış mərasimində Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, baş nazir Mamuka Baxtadze, müdafiə naziri Levan İzoria, hökumət üzvləri, diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən G. Marqvelaşvili hərbi təlimin regionda təhlükəsizliyin təminatı baxımından əhəmiyyətindən danışıb.

M. Baxtadze hərbi təlimin heç bir ölkəyə qarşı yönəlmədiyini deyib: "Təlim Gürcüstan və tərəfdaş ölkələrin hərbçilərinin peşəkarlığının artırılması məqsədini daşıyır".

Avqustun 15-dək davam edəcək təlimlərdə Azərbaycanla yanaşı Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və Ermənistan hərbçiləri də iştirak edəcək. Hərbi təlimə ümumilikdə 3 mindən çox hərbçi qatılıb.

Təlimdə ABŞ və Almaniyanın hərbi texnikasından istifadə olunacaq. Hərbi təlimin keçirilməsində məqsəd Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlığının artırılması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir.

Qeyd edək ki, “Layiqli tərəfdaş” hərbi təlimi Gürcüstanda 4-cü dəfədir ki, keçirilir. Builki təlimlər əvvəlkilərə nisbətən daha geniş miqyaslı olması ilə fərqlənir.

AzNews.az

image description image description image description image description image description image description image description