“Ov”dan tam rəsmi şəkildə nə vaxt qurtulacağıq? - Azər Həsrətin mövqeyi

Son zamanlar cəmiyyətimizin ən çox müzakirə etdiyi mövzulardan biri də milli soyad sonluğu məsələsidir. Hazırda soyad sonluğunun seçilməsi istiqamətində bir neçə variant ətrafında müzakirələr aparılır. Biz artıq "-ov, -ova", "-yev, -yeva" kimi rus formullu şəkilçilərdən tam imtina etməliyik.Soyad sonluğu üçün təklif olunan ən yaxşı forma məhz "- lı, -li, -lu, -lü"dir. Əvvəlcə bildirək ki, bu, milli şəkilçidir. "-lı, -li, -lu, -lü" 4 variantlı şəkilçidir. Buna görə də sözlərə şəkilçi artırılarkən ahəng qanunu gəzlənilir.

Bu məsələ ilə əlaqəli Mətbuat Şurasının üzvü, əməkdar jurnalist Azər Həsrət Aznews.az-a açıqlama verib.

“Biz Azərbaycanlılar böyük hesabla türk millətiyik.Təbiidir ki, türk millətinin soyadını rus soyad sonluğu ilə pozmaq düzgün deyil.Amma təəssüflər olsun ki, insanlar bu məsələyə ciddi yanaşmırlar. Bəziləri bunu müxtəlif bürokratik əngəllərlə əlaqələndirir, bəziləri soyadın dəyişdirilmə qaydalarını bilmədiklərini deyir, digərləri ümumiyyətlə bu məsələdə həssas olmadıqlarını əsas gətirərək problem həll etmirlər. Öz soyadlarını dəyişməməkləri bir yana doğulan körpələrinə aldıqları şəhadətnamələrdə də rus soyad sonluqlarından istifadə edirlər. Bu da dəhşətli bir şeydir. Biz artıq müstəqil dövlətik və belə bir anda ,bu qədər azadlıq, sərbəstlik varkən insanların belə etinasız yanaşması həqiqətən də pis bir haldır. Halbuki, hamı bilir, şəxsən mən də bilirəm ki, soyad sonluğundan imtina etmək yaxud onu milliləşdirmək üçün heç bir əngəl yoxdur. Bu çox sadə bir prosedurdur, Hansı ki, bunu dəfələrlə internet saytlarında yazmışam , paylaşmışam. Şəxsən öz saytımda da bu haqda ayrıca bir bölmə ayırmışam və orada bütün qaydaları izah etmişəm. Oxuyanlar da görür ki, orda heç də çətin bir iş yoxdur. Amma insanlarımız işğal boyundurağından hələ də xilas ola bilmirlər və ya xilas olmaq istəmirlər. Mən belə insanlara bəzən sual verirəm ki, “ nəyə görə dəyişiklik etmirsiniz, bunun səbəbi nədir?” Cavabında “mənim atam bu soyadında olub, dünyasını dəyişib istəmirəm dəyişmək” deyiblər. İşğal edilmişdik, məcburi bunu bizə tətbiq etmişdirlər. Axı indi azadıq, niyə öz haqqımızdan istifadə etməyək? Dövlətin üzərinə düşən nədir? Dövlət bütün mümkün şəraiti yaradıb. Elə bir sadə mexanizm təsdiq edib ki, sadəcə olaraq vətəndaşın gedib öz soyad sonluğunu dəyişməsi qalıb. Soyadlarının milliləşdirilməməsi isə artıq biganəlik, öz dövlətinə sayqısızlıqdan irəli gəlir. Dövlətin bu haqda qanun qəbul etməyinin vacibliyi ilə bağlı müzakirələr uzun illərdi gedir. Hər dəfə də soyadların milliləşməsinin məcburi olması məsələsi qaldırılır. Amma dövlətimiz məcburiyyətlər üzərində qurulmadığına görə, vətəndaşların sərbəst seçim imkanlarının tanındığına görə bu addımı atmırlar. Düşünürəm ki, bu addım artıq atılmalıdır. Çünki bizim insanlarımıza 25 ildən də artıq bir müddət tanındı ki, onlar soyad problemini həll etsinlər. Təəssüflər olsun ki, bu hal kütləviləşmədi. Qanunu məcburi səviyyəyə gətirmək lazımdır. Xarici səfərlərdə daha çox olduğumla bağlı əvvəllər mənim soyadıma görə məndən rus olub olmadığımı soruşurdular. Mən deyirdim, azərbaycanlıyam, türkəm, onlar razılaşmırdı, -ov şəkilçisinə görə ruslara bağlılığımın olduğunu deyirdilər. Bu da mənə çox ağır gəlirdi. Ona görə də bu dövlət tərəfindən məcburi olmalıdır. Digər təklifim də budur ki, xüsusən tanınmış adamlar , jurnalistlər, müğənnilər, idmançılar, yəni üzdə olan şəxslər bu məsələni kütləvi şəkildə həll etməlidirlər.

Yeni Baş nazirimiz Novruz Məmmədovun belə məsələlərdə həssas olduğunu bilirəm. Düşünürəm ki, o, bu problemin həllində kifayət qədər inqilabi bir addım ata bilər”

Səidə NURMƏMMƏDLİ
AzNews.az