Gənc əsgərlər Vətənə sədaqət andı içdi

Avqustun 12-də Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, andiçmə mərasimində Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Hərbi Birlik komandiri, general-mayor Xaqani Cəbrayılov, şəhid ailələrinin üzvləri, veteranlar, əsgər valideynləri, hərbi hissənin rəhbərliyi, yerli icra orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Müdafiə Nazirliyinin rəsmi şəxsləri və “N” saylı hərbi hissənin rəhbərliyi ümummilli lider Heydər Əliyevin hərbi hissədəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra meydanda gənc əsgər və zabitlər, eləcə də andiçmə mərasiminin iştirakçıları Ulu Öndərin və Vətənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni səsləndirilib və tədbir açıq elan olunub.

Daha sonra gənc əsgərlər təntənəli olaraq Vətənə sədaqət andı içiblər.

Mərasimdə Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edib. O bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son vaxtlar silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Çıxışlardan sonra Vətənə sadiqlik andı içən gənc əsgərlər nizami addımlarla tribuna qarşısından keçiblər.

Rəsmi mərasim başa çatdıqdan sonra isə şəxsi heyət üçün konsert proqramı təşkil olunub.

Təntənəli andiçmə mərasimindən sonra “açıq qapı” günündə iştirak edən ziyarətçilər, əsgər valideynləri hərbi hissədə yaradılan sosial-məişət yaşayış şəraiti ilə tanış olub, ərzaq və geyim nümunələri sərgisinə baxıb, xidməti, inzibati binalara, əsgər yataqxanalarına baş çəkib, əsgər yeməkxanasında birgə nahar ediblər.

“Açıq qapı” günündə həmçinin hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil edilib, onları maraqlandıran məsələlər müzakirə olunub və mədəni-kütləvi tədbirlər keçirilib.

image description image description image description image description image description