“Meyitdən orqan köçürülməsinə müsbət yanaşmalıyıq” - Professor Nuru Bayramov

“Yaxın gələcəkdə Azərbaycanda orqan nəqlinin təməlində meyitdən orqan köçürülməsi dayanacaq. Canlıdan orqan köçürülməsini edirik. Məcburən. Amma meyitdən köçürülmə daha uyğun olar.”

Bu sözləri AzNews.az saytına Tibb elmləri doktoru, professor Nuru Bayramov deyib. O, həmçinin Azərbaycanda orqan nəqlinə olan tələbatdan, dünyada bu sahənin vəziyyətindən də danışıb:

Nuru həkim, Azərbaycanda orqan nəqlinə tələbat hansı səviyyədədir və ən çox hansı orqanın transplantasiyasına görə müraciətlər olunur?

"Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da orqan transplantasiyasına ehtiyac var. Ölkəmizdə buna ən çox tələbat olan orqanlar böyrək və qaraciyərdir. Son vaxtlar buynuz qişasının da transplantasiyası aparılır.Düzdü bunların sayı yetəri qədər deyil".

Ölkəmizdə bu sahədə müraciət edənlərin sayının az olmasına səbəb nədir?

“Ümümiyyətlə aparılan bu transplantasiyaların sayı ölkədə ehtiyacı olanların sayından dəfələrlə azdır. Bunun da başlıca səbəbi donor azlığıdır. İkinci yerdə isə digər faktorlar, yəni, müalicə faktorları ortaya çıxır. “

Meyitdən orqanların transplantasiyası necə, aparılırmı?

“Ölkəmizdə hələ kadavradan orqan alınması proqramı hələ başlamayıb. Düşünürük ki, yaxın vaxtlarda bu sahədə də ciddi işlər görək. Həm canlıdan, həm də meyitdən orqanların alınması ilə əlaqədar transplantsiya qanununa əlavələr olunacaq. Bu qanunun ortaya çıxmasından sonra inanıram ki, meyitdən də orqanların nəqli baş tutacaqdır. Baxmayaraq ki, əvvəlki qanunumuzda buna icazə var idi, ancaq onun hələ həyata keçirilməsi gerçəkləşdirilməyib. “

Xəstəliyin hansı mərhələsində müraciət olunmalıdır?

“Xəstələrin əksəriyyəti, təxminən 80-90 %-i son mərhələlərdə müraciət edir. Elə mərhələdə müraciət edirlər ki, həmin mərhələdə heç o orqanı keçirmək də mümkün olmur. Ümumi vəziyyət ağırlaşıb, xəstəlik o qədər irəliləyir ki, artıq o transplantasiyanın da bir önəmi olmur.”

Azərbaycanda orqan translantasiyasının geniş yayılması üçün hansı tədbirlər görülməlidir?

“Hər kəs bu işlərə dəstək verməlidir. Təbabətin digər sahələrindən fərqli olaraq, transplantasiya tək həkimlərin öhdəsinə düşən bir iş deyil. Burda həm dövlət qurumları, həm cəmiyyət, həm media birlikdə çalışmalıdır. Tibb işçiləri tək çalışarsa bu uğursuz olacaq. Çünki orqan transplantasiyası bütövlükdə cəmiyyətin problemidir. Hətta dini qruplar belə bu işin içində olmalıdır.”

Sizcə meyitdən orqan nəqli ölkəmizdə psixoloji cəhətdən necə qiymətləndiriləcək?

“Mənə elə gəlir ki, qəbul edəcəklər. Ona görə ki, Azərbaycan inkişafda olmuş ölkələrdəndir. Əhalinin dünya görüşü irəliləyən səviyyədədir. Düşünmürəm ki, məhz elə meyitdən orqanın verilməsində roblem yaşansın. Aidiyyatı şəxslər bu işə məsuliyyətli yanaşmalı, təbliğ etməlidirlər ki, meyitdən orqan köçürülməsi vacibdir, faydalıdır. Bütün inkişaf etmiş ölkələrdə bu prosesə önəm verirlər. Hətta dini mənsubiyyətindən asılı olmayaraq hər kəs bunu müsbət qiymətləndirir. “

Bəs dünyada vəziyyət nə yerdədir?

“MDB ölkələri arasında Belarusiyanı deyə bilərik ki, meyitdən orqan köçürülməsi prosesində çox peşəkar işlər görüb. Yaxud İspaniya təcrübəsi var. İsaniya təcrübəsi bu sahədə dünyada birinci yerdədi. Avropa ölkələrində demək olar ki, köçürülən orqanların 60-70 %-dən çoxu meyitdən köçürülür. Qonşu ölkələrdən biri olan İranda da bu göstərici yüksəkdir. Yaxın gələcəkdə Azərbaycanda da orqan nəqlinin təməlində meyitdən orqan köçürülməsi duracaq. Canlıdan orqan köçürülməsini edirik. Məcburən. Amma meyitdən köçürülmə daha uyğun olar.”

Səidə,
AzNews.az