“Hamiləlikdə riskli xəstəliklərdən biri...”

FAQMA tibb mərkəzinin əməkdaşı, endokrinoloq Xuraman Rəcəbova AzNews.az-a hestasion şəkərli diabetin yaranma səbəblərindən danışıb:

Hestasion şəkərli diabet nədir?

“Şəkərli diabetin hamiləlik zamanı aşkara çıxarılan bir növüdür və qanda şəkərin yüksək olması ilə xarakterizə olunur. Daha çox hansı xanımlarda hestasion şəkərli diabet yaranma riski vardır?

1.Artıq çəkisi və piylənmə olan xanımlarda;

2. I dərəcəli qohumlarında şəkərli diabet olanlarda;

3. Hamiləlik zamanı çəkinin normadan çox artması;

4. Qadının yaşının 30-dan yuxarı olması;

5. Hamiləlik zamanı USM-də (ultrason müayinə) döldə makrosomiya əlamətlərinin olması;

6. Əvvəlki doğuşlarda artıq çəkili (4500 qramdan çox) uşaqların doğulması

Hətta ölü uşaqların doğulması da növbəti hamiləlikdə hestasion şəkərli diabetin yaranması üçün risk yaradır. Bir məqamı da qeyd etmək istərdim ki, əgər xanımın ilk hamiləliyində hestasion şəkərli diabet olubsa , növbəti hamiləlikdə də olma ehtimalı yüksəkdir. Bundan qorxmaq lazım deyil. Bu hamiləlik üçün normal fizioloji hal sayılır. Bu cür xanımlar şəkərli diabet xəstəsi sayılmır. Əgər xanımda hamiləlikdən öncə şəkərli diabet xəstəliyi varsa və ana olmaq, övlad dünyaya gətirmək istəyirsə bu tamamən ayrı mövzudur. Hestasion şəkərli diabet xəstəlik deyil. Normal fizioloji hal sayılır. Sadəcə bu cür kliniki hallar müşahidə olunan kimi həkim endokrinoloqa müraciət etmək və etraflı məlumat almaq lazımdır. Endokrinoloqa müraciət zamanı qanda lazimi analizlərə baxılır. Hamilə xanıma mövcud vəziyyətə görə pəhriz təyin olunur və lazimi müalicə yazılır. Hamiləliyin sonuna kimi xanım həm endokrinoloqun həm də ginekoloqun nəzarətində olur.”

Səidə NURMƏMMƏDLİ,
AzNews.az