“Öhdəsindən gələ bilməyəcəyimiz bir iş yoxdur” - Tələbə təşkilatının sədri

Yeni dərs ilinin başlanmasına 20 gündən də az vaxt qalır. Bəs görəsən ali təhsil müəssisələrində tələbələrin qayğıları ilə maraqlanan, onların təşəbbüslərinə dəstək verən tələbə gənclər təşkilatları bu il öz işlərini hansı səviyyədə quracaq?

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin 3-cü kurs tələbəsi, AzMİU Tələbə Gənclər Təşkilatının (TGT) idarə heyətinin sədri İlahə Həsənova AzNews.az-a müsahibəsində mövzu ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

- Öncə təhsilinizdən danışaq: nəyə görə məhz AzMİU-nu seçdiniz?

- İlk təhsilim biznes yönümlü idi. Lakin AzMİU-da oxumaq çoxdankı arzum olduğu üçün digər təhsilimi yarıda saxlayıb, AzMİU-ya imtahan vermək qərarına gəldim. Və çox sevinirəm ki, illər sonra olsa da arzumu reallaşdıra bildim.

- Azərbaycan universitetlərində Tələbə Gənclər Təşkilatı üzvlərinin fəaliyyəti hansı səviyyədədir?

- Tələbə və gənclərin fəal olması, əslində birbaşa bizim onlara göstərdiyimiz münasibətdən və diqqətdən asılıdır. Hazırda AzMİU-da istər TGT-nin, istərsə də TGT-yə üzv olan tələbələrin aktivliyi yüksək səviyyədədir.

- AzMIU-da tələbələrin aktivliyi üçün yetərli dərəcədə şərait yaradılıbmı?

- Əlbəttə. Başda hörmətli Gülçöhrə xanım Məmmədova olmaqla bütün rəhbərlik, sözün əsl mənasında, bizə hər cür şərait yaradır. Buna görə onların hər birinə xüsusi minnətdarıq.

- Tələbə Gənclər Təşkilatının sədri olaraq öz işinizin öhdəsindən gələ bilirsinizmi?

- Bunu məndən çox ətrafım daha yaxşı deyər, zənnimcə. Amma öhdəsindən gələ bilməyəcəyimiz bir iş yoxdur, deyə düşünürəm. İnsani keyfiyyətlərin və düzgün yolun olduqdan sonra inanın ki , insan istənilən uğuru əldə edə bilər.

- TGT-nin tərkibində keçirilən dərnəklər, digər universitetlərlə birgə əməkdaşlıq haqda nə deyə bilərsiniz?

- Biz tələbə və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün daha çox çalışırıq. Təhsil hər şeydən vacibdir. Amma bəzən istisna hallar da olur. Əsas məqsədimiz isə vətənpərvər ruhu yüksək, Vətəninə yararlı geniş intellektual səviyyəyə malik savadlı gəncliyin yetişməsidir. Təbiidir ki, bütün bunlarla yanaşı, əyləncələrə və gəzintilərə də yer ayrılır.

- Bəzi tələbələr TGT-nin işindən narazılıq edirlər. Sizə əsasən hansı şikayətlər daxil olur?

- Bəli, bir çox məqamlarda tələbələrin narazılığına şahid olmuşam. Bu, bir az xoş hal deyil. Zənnimcə, TGT tam unikal olmalıdır. TGT Ulu Öndərin biz gənclərə miras qoyduğu “Gənclər Siyasətini” tələbə və gənclər arasında düzgün şəkildə təbliğ etməli, Vətənə və təhsilə marağı artırmalı, tələbə və gənclərin asudə vaxtlarını düzgün və eyni zamanda yararlı şəkildə keçirmələrini təmin etməlidir. TGT bütün yardıma ehtiyac duyan tələbələrə və gənclərə imkan daxilində kömək əlini uzatmalıdır. Amma AzMİUda TGT ilə bağlı şikayətlər o qədər də rastımıza çıxmayıb. Ən azı, bizim fəaliyyət dövrümüzdə bunun olmaması üçün çalışmışıq və çalışırıq.

- Abituriyentlərin seçimi nəyə görə AzMİU olmalıdır?

AzMİU-da, əsasən də Memarlıq fakültəsində oxumaq xüsusi bacarıq tələb edir. Və sözün əsl mənasında, düzgün şəkildə təhsil almaq istəyən abituriyentlərə qapımız hər zaman açıqdır.

Səidə Nurməmmədli,
AzNews.az