- Köhnə - Cəmiyyət
- 30 Avqust 2018 18:03
- 7 546
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət edir?
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzi" İctimai Birliyinin keçirdiyi "Dövlət qurumlarının internet resursları vətəndaşa necə xidmət edir?” adlı monitorinqin nəticələri açıqlanıb.
AzNews.az xəbər verir ki, monitorinqin əsas mövzusu dövlət qurumlarının KİV nümayəndələri və vətəndaşların müraciətlərini cavablandırması olub.
Öncə “Azadinform” agentliyinin baş redaktoru Niyaz Niftiyev çıxış edərək deyib ki, 31 Mərkəzi İcra hakimiyyətinin internet resursları sırasında 16 qurum ƏLA xidmət göstərir: "Bu qurumların həm internet saytları aktivdir, həm sosial şəbəkə hesabları daimi yenilənir, həm də mətbuat xidməti rəhbərləri görülən işləri müxtəlif vasitələrlə ictimaiyyətə təqdim etməyi bacarırlar. Bu sırada Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Vergilər, İqtisadiyyat nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, "Azərişıq” ASC, "Azərsu" ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, "BakuBus” MMC, Dövlət İmtahan Mərkəzi, "ASAN Xidmət”, Təhsil Nazirliyi, "Bakı Metropoliteni” QSC və "Azərenerji" ASC-ni göstərmək olar”.
N.Niftiyev internet saytları aktiv, sosial şəbəkə hesabları az yenilənən, mətbuat xidməti rəhbərlərinin görülən işləri YAXŞI təqdim edən 15 qurumun da monitorinqə daxil edildiyini bildirib: "Bu sırada Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi, Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Gömrük Komitəsi yer alır”.
Azərbaycan Açıq Hökümət Platforması üzrə ekspert Zaur İbrahimli öz hər bir vətəndaşın istənilən dövlət orqanına müraciət edə bilmə imkanına malik olduğunu bildirib. O, həmçinin qeyd edib ki, elektron hökümətin qurulması ölkədə hakimiyyət sturukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirib çıxaracaq.
Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə deyib ki, 2016-cı il aprel hadisələri və 2018-ci il Gəncə hadisələri zamanı mətbuat xidmətləri ilə media arasında müəyyən anlaşılmazlıq yaşandığını gördük: "Bu fakt bir daha göstərir ki, lazım olan informasiyanı lazımi anda çatdırmayanda yaranmış anlaşılmazlığı aradan qaldırmaq üçün aylar lazım olur. Sadəcə olaraq, lazımi anda bir kəlmə söz lazımdır. Məlumatı həmin anda çatdırırsansa, bu, böyük bir hesabat hazırlamaq kimi dəyərlidir. Amma həmin anda məlumat verilməyəndə, bunun fəsadları yaranır və onları aradan qaldırmağa xeyli vaxt lazım olur. Halbuki ölkəmizdə informasiya alınması ilə bağlı qanunvericilik yüksək şəkildə təşkil olunub. Bu qanunvericilik imkan verir ki, nəinki jurnalistlər, istənilən şəxs qurumlara müraciət edərək informasiya əldə edə bilsin. Düzdür, bəzi məqamlarda müəyyən informasiyaları açmaq olmaz. Amma bundan sui-istifadə etmək yolverilməzdir. İnformasiyanın idarə olunması tam başqa texnologiyadır. Cəmiyyətə lazım olan informasiya ötürülməlidir”. M.Ələsgərli onu da qeyd edib ki, xaricdə ölkəmiz əleyhinə təbliğat aparan bir şəbəkə var: "Onlar Azərbaycana qarşı qərəzlidirlər. Ölkəmiz əleyhinə qəbul olunan qərarların siyasi məqsədli olduğu məlumdur”.
Prezident yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu çıxışında problemin səbəblərindən biri kimi mühafizəkar yanaşmaya diqqət çəkib. Onun fikrincə, ideyalardan çəkinmək lazım deyil: "İdeyalar hələ əmələ çevrilməyib, müzakirəyə çıxarılıb, ən yaxşı, xeyirli tərəflərini götürmək və tətbiq etmək lazımdır. Azərbaycanda bütün sahələrdə islahatlara başlanılıb. İslahatlar şəxslərin azad düşüncələrinin məhsuludur. Ötən dövrlərdə yaşanan tendensiya artıq arxivə göndərilir, bu gün fəaliyyətdə olan mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları tanınmış jurnalistlərdir. Sizlər daim yazmısınız, araşdırmısınız, əhalini informasiya ilə təmin etmisiniz. Sizin üçün rəhbərliklə açıq ideyalar ətrafında müzakirə açmaq, təkliflər vermək asandır”.
Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, əvvəlki dövrlə müqayisədə indiki dövrdə mətbuat xidmətləri daha yaxşı işləyirlər: "Əvvəllər hər hansı dövlət qurumunda mətbuat xidməti vəzifəsinə qohumlar təyin olunurdu. İndi isə bu işə jurnalistlər, bu işi bilənlər təyin olunur. Rəhbərlər anlayıb ki, mətbuat xidməti qurumun simasıdır, bu vəzifəyə peşəkar təyin olunmalıdır. Bunu son illərin müsbət halı kimi qiymətləndirirəm”.
“Bakıelektrikşəbəkə”nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bugünki monitorinq haqqında öz fikirlərini AzNews.az-la bölüşüb:
“Keçirilən bu tədbir onu göstərdi ki, mətbuat xidmətləri mətbuatla bir yerdədir və bu da bizim qarşılıqlı işbirliyimizlə bağlıdır. Ən az ayda bir dəfə bu cür görüşlərin olması təqdirəlayiq addım olardı.
Hazırda biz bütün qeydiyyatdan keçən saytların müraciətlərini cavablayırıq. Bu, təkcə iş vaxtlarında deyil, sutkanın 24 saatı davam edən bir prosesdir. Bizim quruma son zamanlar olan müraciətlərdən danışmaq istərdim. Ən çox müraciət sərfiyyatın çox olması ilə əlaqədardır. Biz bununla bağlı mətbuat konfransı da keçirmişik. İyul ayı isti keçdi - sərfiyyat artdı, avqust ayı sərin keçir - sərfiyyat azalır. İndi görək insanlar bizə müraaciət edəcəklərmi?
Ölkədən kənarda olan, qeydiyyata düşən saytlar, agentliklər var ki, heç bizimlə əlaqə saxlamadan “sayğac terroru” kimi absurd iddialar irəli sürürlər. Bu artıq yalnız Azərİşığın mətbuat xidməti səviyyəsində həll olunan məsələ deyil. Elə bu toplantıda da mətbuatla birlikdə istər hökümət, istər qeyri-hökümət təşkilatlarının bir yerdə bu məsələyə aydınlıq gətirmələri məqsədəuyğun bir addımdır.
Biz Azərİşıq olaraq həftədə bir dəfə yeniliklərimiz və görəciyimiz işlərlə bağlı məlumatları bütün KİV-lə bölüşürük.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da AzNews.az-a açıqlamasında dövlət qurumlarının KİV və vətəndaşların müraciətlərinin cavablandırılmasının vacibliyindən danışıb:
“Bizə təbii ki, müraciətlər hava ilə bağlı olur. Bu gün də havada toz müşahidə olundu. Bu da şərq, cənub-şərq küləyi ilə əlaqədar idi. Gün ərzində bizə xeyli sayda müraciət daxil olur. ETSN olaraq bizə vətəndaşlar tərəfindən daxil olan sorğuların qəbul edilməsi üçün Nazirliyin 24 saat fəaliyyət göstərən 168 nömrəli Qaynar xətti, feysbuk səhifəsi, eyni zamanda rəsmi veb saytda ümumi elektron ünvanı mövcuddur. Bu da vətəndaşların və jurnalistlərin asan məlumat əldə etmələrinə xidmət edir. Biz son günlər vətəndaşların aktivliklərinə görə çox minnətdarıq. Doğrudan da vətəndaşlar bizə kömək etməyə çalışırlar. Hansısa bir qanun pozuntusu oldusa dərhal bizə məlumat verirlər. Onlar bizə kömək edəndə artıq biz təhlükəli hal yaşanmazdan əvvəl məsələnin araşdırılmasına başlayırıq.
Bütün vətəndaşlar, ictimaiyyət nümayəndələri ictimai qınaq yaratmalıdırlar. Bu kimi məsələlərdə KİV nümayəndələrinin, vətəndaşların köməyinə ehtiyac böyükdür”.
Səidə NURMƏMMƏDLİ
AzNews.az