- Köhnə - Cəmiyyət
- 1 Sentyabr 2018 15:38
- 6 051
“Azərbaycan-Rusiya münasibətləri yeni keyfiyyət mərhələsinə daxil olub" ÖZƏL-ŞƏRH
“Rusiya-Azərbaycan münasibətləri ümumiyyətlə ölkəmizin müstəqillik illərində, xüsusilə də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra həmişə yaxşı və dinamik vəziyyətdə olub. Bu münasibətlər hər zaman iki ölkənin xalqlarına və dövlətlərinə fayda vermək üçün qarşılıqlı səmərəli yolların axtarışı üzərində qurulub və ortada da hər zaman böyük nəticələr olub. Amma xüsusilə son bir il ərzində Rusiya-Azərbaycan münasibətlərində yeni bir mərhələnin əlamətləri böyük sürətlə görünməkdədir”.
AzNews.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, istər Rusiyanın və Azərbaycanın regionları arasındakı münasibətlər, istər ictimai strukturları arasındakı münasibətlər, istərsə də dövlət orqanları arasındakı münasibətlər həm ikitərəfli müstəvidə, həm də hər iki dövlətin təmsil olunduğu müxtəlif MDB strukturlarında çoxtərəfli çərçivədə inkişafa meyilli vəziyyətdədir: “Son bir ildə iki ölkənin münasibətləri tamamilə yeni bir keyfiyyət mərhələsinə daxil olub. Əgər biz əvvəllər iki ölkənin münasibətlərində ancaq strateji tərəfdaşlıq haqqında və onun dərinləşdirilməsi yollarının axtarışı barədə düşünürdüksə, bu gün demək olar ki, bütün mötəbər tribunalarda artıq Azərbaycan-Rusiya münasibətlərinin strateji müttəfiqlik kefiyyətlərini sürətlə kəsb etməyə başladığı barədə söhbətlər gedir. Ermənistanda baş verən hadisələr, Ermənistanın strateji müttəfiqlərini dəyişmək istiqamətində atdığı addımlar, xarici siyasətdə guya balans yaratmaq adı altında əslində tarixi müttəfiqlərdən üz döndərmək kursu Rusiya-Azərbaycan münasibətlərində ölkəmizi Cənubi Qafqazda Rusiyanın əsas strateji müttəfiqi olaraq bu keyfiyyət üzərində daha da əhəmiyyətli bir mövqeyə çıxarıb.
Cənab Prezidentin Rusiyaya sonuncu səfəri orada aparılan müzakirələr keçirilən görüşlər isə heç şübhəsiz ki, iki ölkənin əməkdaşlığında, münasibətlərində yeni mərhələni dərinləşdirən bir hadisə kimi dəyərləndirmək lazımdır. Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiq ölkələr olaraq aralarındakı münasibətlər tarixi köklərə malikdir. Son vaxtlar təkcə regionda yox, dünyada baş verən bir sıra hadisələrə münasibətdə Rusiyanın və Azərbaycanın demək olar ki, eyni mövqedən çıxış etməsi də çox böyük perspektiv vəd edir”.
AzNews.az