Ömər Eldarovu “topa tutanlar”, Lütfi Zadənin abidəsinə bir də bu gözlə baxın...

Bəlkə də bu heykəl Azərbaycanda deyil, tamam başqa bir ölkədə qoyulsaydı, insanlar ona abstrak bir iş kimi yanaşar, yeni sənət anlayışının təntənəsi kimi təqdim edər, xeyli “izm”lərə baş vuraraq müəllifin mesajlarını anlamağa çalışardılar. Amma yox, bura Azərbaycandır! Sənətdən başı çıxmaq, rəssamlıqdan, heykəltəraşlıqdan anlamaq vacib deyil, əsas odur sosial şəbəkədəsən və istədiyini yaza, danışa bilirsən.

Azərbaycanın qocaman heykəltəraşı Ömər Eldarovun dünyaca məşhur elm adamı Lütfi Zadənin məzarı üçün yonduğu heykələ ictimai münasibət elə beləcə oldu.

Çoxları heç ona baxmadı ki, abidə öz monumental əsərləri ilə tanınan Ömər Eldarovun əsəridir. Çoxları heç ona da baxmadı ki, heykəl Lütfi Zadə kimi nəhəng bir şəxsiyyətə ucaldılıb. Ən azından onu nəzərə almalı idilər ki, Ömər Eldarov çapında olan bir sənətçi Lütfi Zadənin nəhəngliyi qarşısında yaradacağı əsər üçün bütün təcrübəsini ortaya qoymalı idi.

Budur, Ömər Eldarov abidə haqda öz düşüncələrini belə bölüşür:

“Lütfi Zadə çox böyük alim idi. Bu heykəlin açılışı riyazi düşüncədə çox böyük məna kəsb edir. Mən bu əsərlə demək istəmişəm ki, o, elm aləminə yeni bir qapı açıb”.

Bəli, Lütfi Zadə də dahi şəxsdir, Ömər Eldarov da. Bəlkə bir çoxları Ömər Eldarovu tanımır, hansı möhtəşəm, abstrakt əsərləri olduğunu bilmirlər. Ona görə də primitiv və haqsız iradlar bildirirlər. Bloqqer Taryel Abdullayev isə sosial şəbəkədə mövzuya tam və yerində fikir bildirib:

“Lütfi Zadənin qəbirüstü abidəsini bəyənməyib, abidəni səfil, “bomj” insana bənzədib, hətta “kəps”lər düzəldib gülməyə başlayanlar var. Kim bu abidəyə necə baxırsa, elə də görür. Sənət anlayışı olmayanda insan əsərə baxıb heç bir məna tapa bilmir və bunu lazımsız, mənasız bir şey kimi qavrayır, baxıb gülür. Lütfi Zadə qeyri səlis məntiqin banisidir. Lütfi Zadədən əvvəl Aristotelin ikili məntiqi vardı. Aristotel deyirdi: “Bir şey ya yaxşıdı, ya da pisdi. Bir şəxs ya dostdu, ya da düşmən”. Lütfi Zadənin qeyri səlis məntiqi isə deyir: "Xeyr, belə deyil, dostla düşmən arasında sonsuz sayda münasibət dərəcələri var, məsələn: tanış, çox yaxın dost, maraqlar dostu və sair" Aristotelin binar məntiqini, Lütfi Zadə qeyri səlis məntiqlə alt-üst edib. İndi abidəyə baxsaq görərik ki, ikinci sütunda “fuzzy sets” düsturu verilib. Qapı ikili və ya sadə Aristotel dünyasından qeyri səlis məntiq dünyasına keçid kimi verilib. Lütfi Zadə isə bu keçidi keçən və onu əlində saxlayan elm adamı kimi təsvir olunub. Heykəltəraş Ömər Eldarov möhtəşəm bir əsər yaradıb”.

Mənim fikrimsə bundan ibarətdir ki, Lütfi Zadə kimi şəxsiyyətləri mənasız fikirlərlə cılızlaşdırmaq mümkün deyil. Söhbət o adamdan gedir ki, qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya elminə iz buraxan bir şəxsiyyət olub və həmin nəzəriyyə süni intellekt sahəsində inanılmaz əhəmiyyətə malikdir. Bu gün Yaponiyanın “ Mitsubishi”, “Toshiba” , “Sony”, “Canon” , “ Nissan” , və digər nüfuzlu qurumları qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan qurğular istehsal etməkdədirlər.

Hər bir azərbaycanlı üçün sevindirici hal olmalıdır ki, məhz bizimlə eyni soy- kökdən olan bir şəxsiyyətin adı dünyanın hər yerində ehtiram və heyranlıqla çəkilir.

Qəbirüstü abidələr isə ilk növbədə elə ehtiram üçündür...

Səidə Nurməmmədli,

AzNews.az