“Problemli borcların böyük hissəsini zaminlər qaytarmalı olur“

Azərbaycanda fiziki şəxslərə verilmiş problemli kreditlərin böyük hissəsini həmin şəxslər deyil, onların zaminləri ödəməli olur. Bunu "APA-Economics"ə açıqlamasında ölkədə fəaliyyət göstərən yeganə kollektor şirkəti - "BOA" kollektor agentliyinin direktoru Samir Mustafayev bildirib.

Onun sözlərinə görə, fəaliyyətə başladığı dövrdən indiyədək "BOA" kollektor agentliyi təqribən 1500-2000 borclu ilə iş aparıb. Bunların əksəriyyəti banklara borcu olan şəxslər olub. Ən maraqlısı budur ki, borcu ödəyənlərin əksəriyyəti bankdan pulu götürənlər deyil, onlara zamin duranlardır: "Məsələn, kiminsə kredit tarixçəsi yaxşı olmadığına görə, krediti dost-tanışının adına götürür, sonra pulu qaytarmır və borcu zamin ödəməli olur, baxmayaraq ki, o heç pulu görməyib. Bizim borcluların yarısından çoxu məhz belə şəxslərdir. Analoji hallar daha çox avtomobil kreditləri üzrə baş verir".

Kollektor agentliyinin öz işində qarşılaşdığı əsas problemlərə gəlincə, S.Mustafayevin sözlərinə görə, əsas çətinlik – Ədliyyə Nazirliyinin İcra İdarəsinin əməkdaşlarının həddən artıq işlə yüklənməsidir: "Onlar böyük həcmdə iş görürlər. Bu da bizim işimizi çətinləşdirir və ləngidir. Çünki biz borclunun evinə və ya iş yerinə yalnız icraçılarla getməliyik. Belə vəziyyətlərdən çıxmaq üçün əlimizdən gələni edirik, onlara kömək etməyə çalışırıq, hətta bəzən onları avtomobillə də təmin edirik ki, lazım olan yerə tez gəlsinlər".

"Fəaliyyətə başladığımız 8 ay ərzində böyük iş görülüb, amma potensialın daha böyük olduğunu hiss edirik. Buna görə də, potensial müştəriləri cəlb etmək üçün satış şöbəsi yaratmışıq", - deyə S.Mustafayev bildirib.

S.Mustafayev qeyd edib ki, kollektor fəaliyyəti biznes növü kimi özünü doğruldur. Hazırda şirkət müasir ofisdə yerləşir, ştatında 7 hüquqşünas və 10 kollektor var: "Onların hamısı yüksək səviyyəli mütəxəssislərdir və biz onlara komfortlu iş üçün bütün şəraiti yaratmışıq. Bütün bunlar az xərc tələb etmir".

Artıq növbəti ildən şirkət mənfəətlə işləməyə başlayacaq: "Bazarın təfərrüatlı analizini aparıb biznes plan tərtib etmişik. Hesablamalarımıza əsasən, müəyyən vaxtdan sonra mənfəətə çıxacağımızı gözləyirik. Ümumilikdə götürəndə isə işlər ilkin biznes plana uyğun gedir. Bu plana əsasən, növbəti il ərzində mənfəətə çıxmağı planlaşdırırıq".

AzNews.az