- Köhnə - Cəmiyyət
- 27 Sentyabr 2018 12:04
- 9 179
Küçəyə siqaret atdın? Süpürəcəksən!
Azər HƏSRƏT
Siqaret. Çox zərərli bir şeydir. Zəhərdir, insanı öldürür. Özü də əzabla, zülmlə, yavaş-yavaş. İnsana işgəncə verir bu zəhrimar. Amma di gəl ki, insanlar ondan heç cür qurtula bilmirlər. Daha doğrusu, qurtulmaq istəmirlər.
Bir neçə gündür Milli Məclisdə siqaret kötüyünü hara gəldi atanlarla bağlı müzakirə gedir. Yəni durum o həddə çatıb ki, Milli Məclis ayrıca qanun çıxarıb siqaret kötüyünü yerə atanları 50 manat cərimə eləmək istəyir.
Məcburuq bunu etməyə. Çünki insanlarımız hələ də bu gözəl şəhərin təmiz küçələrinin qədrini bilmirlər. Nəinki siqareti, əllərinə keçən hər cür zibili arın-arxayın küçəyə buraxıb gedirlər.
Dəfələrlə şəxsən müşahidə etmişəm: adamın biri ən bahalı maşını yolun qırağında saxlayır, düşüb yaxındakı köşkdən bir siqaret alır. Qutunu açır, üzərindəki cığarasını elə oradaca havaya buraxıb yoluna davam edir. Baxırsan, adam kimi adama bənzəyir. Bahalı maşın sürür, imkanlıdır. Hələ boynunda qalstuk da var. Geyimindən də hiss olunur ki, hardasa yaxşı bir iş sahibidir. Amma ki, ən adi bir gerçəyi anlamağa beyni yetmir: siqaret cığarasını, ardından da çəkdiyi siqaretin kötüyünü maşından küçəyə vızıldadır…
Yəqin ki, yazdıqlarım heç kimə təəccüblü gəlmədi. Mənə də təəccüblü deyil artıq. Əvvəlki illərdə belə halları görəndə sinirlərim gərilirdi. Anlaya bilmirdim: necə mümkündür ki, insanlar belə qanmaz, nadan, bivec olsun? Mənə çatmırdı ki, bir insan hər gün keçdiyi küçəni necə zibilləyə bilər? Elə indi də anlaya bilmirəm. Amma çalışıram ki, təmkinimi qoruyum. Daha əsəbləşməmək üçün əlimdən gələni edirəm…
Niyə belə oldum?
Ona görə ki, illərdir hələ də liftdə siqaret çəkən varlıqlarla eyni blokda yaşayıram.
Ona görə ki, evindəki zibili pəncərədən həyətə fırlayan, amma dindirəndə yüksək mədəniyyətdən danışan əcaib varlıqlarla eyni binada yaşayıram.
Ayaqyolunda belə siqaret püləyən insanlardır mənim həmvətənlərim.
Məclislərdə, kişilər bir yana, qadınlardan belə izn almadan bu zəhrimarın tüstüsünə bizi boğanlarla “şənlənməli” oluram.
Alışmışam artıq belə hallara.
Çəkdiyi siqaretin külünü gözümüzə sovuran, sonra da kötüyünü ayağımızın altına atanlar mənim üçün də adiləşib. Yəni bizim insanımız budur!
Haşiyə: Təxminən 10 il öncənin söhbətidir. Almaniyada Ştutgartdan Frankfurta gedirdik. Maşını mən sürməli olmuşdum. Sürücü dostumuz (türk) cəriməsinin olduğunu, buna görə sürə bilməyəcəyini deyib məndən xahiş etmişdi bunu. Mən də sürmüşdüm. Yol boyu bu adam siqaret çəkdi. Maşında siqaret çəkilməsinə dözümüm olmasa da səsimi çıxarmadım. Və müşahidə etdim: bir dəfə də olsun siqaretin külünü şüşədən bayıra sovurmadı. Bir dəfə də olsun siqaret kötüyünü dışarı atmadı. Biz Frankfurta çatanda maşının külqabısı dolmuşdu, orda bir zibil qabı tapıb boşaltdı…
Bütün bunları bir kənara qoyub yenə də beynimi işlətməyə çalışıram. Düşünürəm ki, bəlkə anlayım, amma anlaya bilmirəm.
Yəni anlaya bilmirəm ki, bir insan özünün yaşadığı yerdə siqaret kötüyünü, başqa zir-zibili necə hara gəldi ata bilər?
Yəni bir insan anlamırmı ki, yerə atdığı zibil elə onun öz həyatını zibilə döndərir? Doğrudanmı maşının şüşəsindən siqareti dışarı sovuranlar belə şeyləri anlamırlar? Qanmazlıq, anlamazlıq olar, amma bu qədər olması əcaib bir şeydir mənim üçün…
Daha bir haşiyə: Bizim Ayxanın hardasa 3-4 yaşı olardı. Uşaqlar balaca idi, axşamlar tez-tez parka çıxardıq ki, bir az hava alaq. Bir dəfə də Ukrayna meydanındakı Heydər parkında gəzirdik. Bu zaman xanımımın iş yoldaşları – xanımlarla rastlaşdıq. Ayaq saxladıq. O xanımlardan biri çıxarıb Ayxana bir konfet uzatdı. Uşaq almadı, sadəcə dönüb mənə baxdı. İşarə elədim ki, al. Aldı. Sonra xanım təkid etdi ki, konfeti yesin. Ayxan yenə də üzümə baxdı. Bu dəfə də işarə elədim ki, olar. Uşaq konfeti açıb ağzına atdı, kağızını əlində bürmələyib sağa-sola baxmağa başladı. Xanım soruşdu ki, bu nə axtarır? Dedik, zibil qabı axtarır ki, kağızı atsın. Qayıdasan ki, əşi, at o yana da. O anda Ayxanın üzündəki heyrəti görmək lazım idi. Uşaq sadəcə donub-çaşıb qalmışdı. Bu anda uzaqdakı zibil qabını ona göstərdim və özünə gəldi. Qaça-qaça gedib kağızı zibil qabına atdı…
İndi biz 21-ci yüzildə küçəyə siqaret atanlarla necə mübarizə aparmaq haqqında hətta Milli Məclisdə müzakirə aparırıq! Dəhşətli deyilmi? Amma başqa yolumuz qalıbmı? Qalmayıb! Ona görə də bu müzakirə aparılmalı, uyğun qanun çıxarılmalı və onun icrası ciddi nəzarət altında həyata keçirilməlidir.
Lakin düşünürəm ki, küçəyə siqaret atanlar üçün 50 manatlıq cərimə təklifi heç yerində deyil. Mən təklif edərdim ki, küçəyə siqaret atan tam bir gün ərzində həmin küçəni süpürməklə cəzalandırılsın! Onda görərik ki, bu varlıqlar adam balası kimi necə əhliləşir!
İndi təsəvvür edin ki, adam Range Rover sürür. Qolunda qızıl saat gəzdirir. Ən bahalı telefonu var. Geyimi də öz yerində. Heç kimi və heç nəyi vecinə almır. Məclislərdə hamıdan yuxarı başa keçir. Qadın, uşaq, böyük demədən hər yerdə siqaret pülüyür. Təbii ki, çəkdiyi siqaretin kötüyünü küçəyə tullayır. Beləsinə 50 manat cərimə nə edəcək ki? Heç nə! Amma onun başından basıb bir gün küçə süpürtdürsək və bu görüntülər də sosial mediada boy versə, əmin olun ki, adam düzələcək. Məcbur olacaq düzəlməyə! Məsələ bu qədər sadə və asandır. Ona görə də Milli Məclisə təklif edərdim ki, 50 manatlıq cərimənin üzərinə bir də küçə süpürmə cəzası əlavə edilsin…
Bir az da özümdən deyim: Uşaq vaxtı, orta məktəbin yuxarı siniflərində oxuduğum zaman siqaret çəkməyə başlamışdım. Maraqlı gəlirdi, çəkirdim. Hardasa iki il beləcə çəkdim. Və günün birində ağlım başıma gəldi, atdım. O atan, bu atan. İndinin özündə də yanımda siqaret çəkən olanda iyrənirəm. Dözə bilmirəm onun iyrənc qoxusuna! Hələ siqaret çəkən qadın görəndə lap dəhşətə gəlirəm! Aradan bu qədər zaman keçib, özümü və ailəmi qorumaqda uğurluyam. Nə evimizdə, nə maşında, nə də ofisdə siqaret çəkilməsinə izn vermirəm! İmkanım olsaydı, yaşadığım şəhərdə də siqaret çəkilməsini rəsmən yasaqlardım!
AzNews.az