- Köhnə - Cəmiyyət
- 27 Sentyabr 2018 12:11
- 8 801
AzMİU ilə Türkiyənin nüfuzlu universiteti arasında ikili diplom müqaviləsi
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin nüfuzlu İstanbul Texniki Universiteti (İTU) arasında bakalavr səviyyəsi üçün İnşaat mühəndisliyi ixtisasında ikili diplomların verilməsi haqqında müqavilə imzalanıb.
Bu münasibətlə İTU-nun Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində iki təhsil müəssisəsinin rəsmi heyətlərinin iştirakı ilə görüş keçirilib. Müqaviləni AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və İTU-nun rektoru, professor Mehmet Karaca imzalayıblar.
AzNews.az xəbər verir ki, əldə olunan razılaşmaya əsasən, ortaq bakalavr proqramının müddəti 4 akademik il olacaq. Tələbələr ortaq proqramın 1 və 2-ci kursunu AzMİU-da, 3 və 4-cü kursunu isə İTU-da İnşaat fakültəsi, İnşaat mühəndisliyi bölümündə birlikdə oxuyacaqlar.
Qeyd edək ki, AzMİU ilə İTU arasında bakalavr səviyyəsi üçün ikili diplom protokolunun imzalanması barədə razılıq 2011-ci ildə əldə olunub, daha sonra hər iki universitet arasında keçirilən görüşlər və danışıqlar əsasında yenilənib.
Səidə Nurməmmədli,
AzNews.az