- Köhnə - Cəmiyyət
- 19 Aprel 2013 09:59
- 3 237
«Səməd Vurğunun kitabları yandırmalıdır»
“Ortalığa bu qədər ciddi məsələ qoyuram, amma heç kim məni müdafiə etmir”
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu son günlər Vaqif Səmədoğlu ilə aralarında olan mübahisəyə aydınlıq gətirib: "Bu elə bir ciddi məsələdir ki, mən bunu təsadüfən gündəmə gətirməmişəm. Mətbuat mənim Səməd Vurğun haqda dediyim, amma yayılmasını istəmədiyim fikrimi daha çox qabardır. Mən ciddi arqumentlərlə Azərbaycan ictimaiyyətini fakt qarşısında qoydum. Ruslar Azərbaycanı işğal etmək istəyəndə Qacar onlara qarşı vuruşub və məğlub olub. Səməd Vurğun onu fars və işğalçı kimi təqdim edir. Amma Qacar sırf Azərbaycan türkü olub. Mən də deyirəm ki, bu necə bir xalq şairidir ki, Azərbaycanın işğalını xalqın nailiyyəti kimi qələmə alır? Amma Azərbaycanın parçalanmasının qarşısını almağa çalışan bir adamı qaniçən kimi təqdim edir".
S.Cəlaloğlunun fikrincə, Səməd Vurğunun kəndliləri də onun kitablarını yandırmalı idi. Elə bu səbəbdən də o, şairin kitablarını yandırmağı təklif edir:
"Bu məsələni ona görə lazımsız istiqamətlərdə böyütdülər ki, həmin adamların şüuru yoxdur. Bunlar o qədər yerliçilik xəstəliyinə tutulublar ki... Əkrəm Əylisli "Daş yuxular"ı yazandan sonra yerliləri Əkrəmin kitablarını yandırdı. Əkrəmin yerliləri kimi Səməd Vurğunun kəndliləri də onun kitablarını yandırmalıdır... Amma onlar mənə etiraz edib, imza toplayırlar".
ADP sədri heç kəsin onu müdafiə etmədiyindən gileylənib: "Türkiyədə baş nazir "Möhtəşəm yüz il" serialı haqda etiraz bəyanatı verdi. Prezident İlham Əliyev Ə.Əylisli haqda kəskin çıxış etdi, onun barəsində sərəncam verdi. Amma mən bir ciddi fikir bildirən kimi, deyirlər bu bədii əsərdir. Bunlar elə bilir ki, Səməd Vurğunun düşməni məni öyrədib ki, onu nüfuzdan salım. Bu qədər ciddi məsələ qoyuram ortalığa, amma nə iqtidardan, nə müxalifətdən, nə ziyalılardan, nə də sadə vətəndaşlardan heç kim məni müdafiə etmir. Əvəzində gedib Vaqif Səmədoğluna qoşulublar". (hafta-ichi.az)