- Köhnə - Cəmiyyət
- 19 Aprel 2013 15:24
- 3 515
Dövlət məmurlarının bölgə səfərlərinin nəticələri...
Bunu da qeyd edək ki, son altı ayda bölgələrə səfər edən və əhali ilə kütləvi görüşlər təşkil edən nazirlər sırasında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov liderlik edib.
Nazirlərin və komitə sədrlərinin bölgələrə səfərini Prezident Admnistrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov belə izahlamışdı: "Bu görüşlər yeni başlanıb – aprelin əvvəlindən. Cəmi on beş gündür ki, bu görüşlər keçirilir və davam etdiriləcək. Fevral ayında keçirilən müşavirədə dövlət başçısının məmurların qarşısında qoyduğu vəzifələrin həlli məqsədilə nazirlər və komitə sədrləri bölgələrə gedirlər, bu görüşlər qrafikə salınıb. Görüşlərdə bir neçə məqsəd var. Birinci məqsəd dövlət qulluqçuları, xüsusən də mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçilərilə əhalinin təmaslarını çoxaltmaq, əhalinin sosial-iqtisadi və digər ehtiyaclarının ödənilməsi sahəsində yerlərdəki strukturların fəaliyyətini dəyərləndirmək, səmərəliliyi artırmaqdır. İkinci məqsəd məmurlarla vətəndaşlar arasında təması çoxaltmaqla vətəndaşların problem və ehtiyaclarını birbaşa ödəmək və mümkün olduğu qədər yerindəcə həll etməkdir. Üçüncü məqsəd isə mərkəzi icra hakimiyyəti orqanı rəhbərlərinin rayonlardakı sosial-iqtisadi inkişafın nəticələri ilə tanış olması, öz sahələri üzrə işlərin görülməsi, onların dəyərləndirilməsi, qiymətləndirilməsidir.
Bizdə əvvəllər belə təcrübə vardı. Ümummilli lider Heydər Əliyevin dövründə də bu praktika tətbiq olunurdu. Nazirlərin, komitə sədrlərinin bölgələrə səfərləri son zamanlar bir az səngimişdi. Çünki prezident İlham Əliyevin özü bölgələrə tez-tez səfərlər edir, məsələlərlə bilavasitə özü yerindəcə tanış olur, tapşırıqlar verir. Dövlət başçısı hər rayonda bir neçə dəfə olub. O cümlədən bu səfərlər zamanı mərkəzi icra hakimiyyəti orqanlarının, müvafiq sahələrin rəhbərləri prezidenti müşahidə etdiyinə görə onların ayrıca görüşlər keçirməsinə ehtiyac bir qədər azalmışdı. Son zamanlar isə belə səfər və görüşlərə yenidən ehtiyac yaranıb. Cənab prezident də müşavirədə qeyd etdi ki, bunlara ehtiyac heç vaxt azalmayıb, vətəndaşlarla işləmək həmişə vacibdir, insanların qayğıları ilə mərkəzi hakimiyyət orqanları rəhbərlərinin bilavasitə tanış olması günün aktual məsələsidir".
Həqiqətən də, dövlət məmurlarının bölgələrə səfərləri zamanı bir sıra maraqlı nüanslar ortaya çıxıb. Məsələn, daxili işlər naziri Ramil Usubov Kürdəmirdə səfərdə olan zaman yerli polis strukturunda mövcud olan boşluqları dəyərləndirərək kadr dəyişikliklərini həyata keçirib.
Və yaxud əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bir tərəfdən vətəndaşların problemlərinin həllini əsas priroritet hesab edirsə, digər tərəfdən də strukturda islahatların həyata keçirilməsi prosesini davam etdirir.
Bunu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə ən çox auditoriyası olan bir nazirlikdir. Bu nazirliyin auditoriyası 1,5 milyon nəfəri əhatə edir. Bu sırada 430 min əlili, 128 min ünvanlı sosial yardım alanları xüsusilə qeyd etmək lazımdır. Tək bunu demək kifayətdir ki, məhz bu nazirliyin xətti ilə 5 minə yaxın Qarabağ əlilinə mənzil, 3 mindən çox əlilə isə minik maşını verilib. Yəni bu nazirliyin əhatə dairəsi kifayət qədər böyükdür və bu səbəbdən hər zaman gündəmdə olan nazirliyin rəhbərliyinin bölgələrə səfəri də diqqətlə izlənilir.
"Təmiz dünya" təşkilatının sədri Mehriban Zeynalovanın sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti, gördüyü işlər birbaşa gündəlik həyatımıza təsir edir və bir sıra qlobal problemlərin həllini təmin edir: "Bu gün dünyada insan alverinə qarşı mübarizə həyata keçirilir və Azərbaycan da bu sıradadır. Son illər isə bu sahədə Azərbaycanda durum xeyli yaxşılaşıb. Bunun bir səbəbi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirtdiyi düzgün strateji xətdir. Aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, insanlara yeni iş yerlərinin təkli edilməsi,bu sahədə xidmətlərin təkmilləşdirilməsi insanların problemlərini kifayət qədər azaldır və nəticədə başqa yollarla maddi tələbatı təminetmə istəyi azalır. Bilirsiniz, əsas məsələ problemi həll etməyə çalışmaq deyil, əsas məsələ ümumiyyətlə problemin yaranmasının qarşısını almaqdır ki, bu gün nazirlik də məhz bu istiqamətdə fəaliyyət göstərir. İndi isə nazir Füzuli Ələkbərovun rayonlara səfər etməsi bu sahədə daha ciddi uğurlar əldə etməyə təkan verəcək. Çünki nazirin səfərlərini müşahidə edirəm və görürəm ki, əsas məqsəd problemlərin yaranmaması üçün hansı addımların atılması araşdırılır və yerindəcə həll edilir".
Qeyd edək ki, son bir neçə ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha çox şəffaflığın təmin olunması, vətəndaşlarla ünsiyyətdə müasir texnoloji imkanlardan yararlanmaq istiqamətində işlər görür. Nəticədə bürokratik problemlər get-gedə aradan qaldırılır və kadrların gəncləşdirilməsi istiqamətində diqqəti cəlb edəcək həddə addımlar atılır. Nazir Füzuli Ələkbərovun bölgələrə səfəri həm də bu prosesin bölgələrdə də daha sürətli aparılmasına təsir edəcək.
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əlməmməd Nuriyevdə hesab edir ki, bu sahədə artıq kifayət qədər maraqlı nəticələr ortaya çıxmaqdadır: "Qeyd edim ki, Füzuli Ələkbərov son bir neçə ildir ki, mütəmadi olaraq bölgələrə gedir və əhali ilə bir başa görüşlərə üstünlük verir. Bu görüşlər hansı nəticələr yarada bilər? İlk növbədə vətəndaşlarla birbaşa görüşlər, onların problemini öyrənməyə təkan verir ki,bununla da problemlərin həlli üçün adekvat qərarlar vermə imkanı yaradır. Həmçinin vətəndaş problemin həllində fəal iştirakçıya çevrilir. İkinci tərəfdən, bu görüşlər vasitəsilə yerlərdə olan nöqsanlar və çatışmazlıqlar aydınlaşdırılır və yerindəcə həll edilir. Amma bu görüşlər olmasaydı, vətəndaş yazılı şəkildə müraciət etməli idi. Daha sonra bu araşdırılmalı və qərar çıxarılmalı idi. Yəni bu, uzun bir proses olurdu. Hazırda isə problem yerindəcə həll edilir. Bundan başqa bu cür görüşlər nazirlik haqqında daha çox məlumat əldə etmə imkanları yaradır. Bu isə özlüyündə şəffaflığın,aşkarlığın təmin olunması ilə nəticələnir. Nəhayət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər nazirliklərlə müqayisədə daha böyük bir sahəyə xidmət edir. Bu nazirliyə müraciət edənlərin də sayı bu səbəbdən çoxdur və belə görüşlərlə kompleks problemlər də aydınlaşdırılaraq operativ həllini tapır ".
"Son" Araşdırmalar Mərkəzinin bir neçə rayonda keçirtdiyi sorğularda da maraqlı nəticələır ortaya çıxıb. Məsələn, aydın olub ki, bölgələrdə əhalinin marifləndirilməsi istiqamətində işlər daha da sürətləndirilməlidir. Məsələn, "Kimlər ünvanlı sosial yardım ala bilər?" sualına çox az adam doğru cavab verə bildi. Buna görə də saysız-hesabsız müraciətlər ortaya çıxır ki, bunların da böyük hissəsi ünvanlı sosial yardım ala bilməz.
Aparılan araşdırmalar bunu da göstərib ki, Füzuli Ələkbərovun bölgələrə səfəri həm də yerli idarə rəhbərlərinin daha da aktivləşməsi və daha şəffaf fəaliyyət göstərməsi ilə nəticələnir. Yəni artıq yerli icraçılar bilir ki, vətəndaşın birbaşa nazirə müraciət etmə imkanları var və bunu fəaliyyətində nəzərə alır.
"Son" Araşdırmalar Mərkəzinin 100 rayon sakini arasında keçirtdiyi sorğuya verilən cavablarda bunu təsdiqləyib. Məsələn, "Nazirlərin bölgələrə səfərinin problemlərinizin həllinə təsiri varmı?" sualına respondentlərin 60 faizi müsbət cavab verib. Həmçinin respondentlərin 53 faizi hesab edir ki, nazirlərin bölgələrə səfərləri yerli strukturlara da təsir edir və şəffaflıq diqqəti cəlb edir.
AzNews.az