İlham Əliyev: “Yerli hakimiyyət sizə necə baxır?“ - FOTOLAR

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olub.

Azərbaycan Prezidenti yol ilə bağlı məlumatları və fotoşəkilləri əks etdirən stendə baxıb.

Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi son illərdə daha geniş vüsət alıb. Hazırda respublikamızda kənd yollarının inşası da diqqət mərkəzindədir. Bu çərçivədə Qobustan-Xilmilli yolunun yenidən qurulması artıq başa çatdırılıb.

Məlumat verilib ki, yolun tikintisinə 2011-ci ilin sentyabrında başlanılıb. Bu yol 13 min nəfər əhalinin yaşadığı altı kəndi rayon mərkəzi ilə birləşdirir. Qobustan-Xilmilli yolunun ümumi uzunluğu 23 kilometrdir. Azərbaycan Prezidentinin Sərəncamına əsasən vacib əhəmiyyət kəsb edən həmin infrastruktur obyektinin reallaşdırılmasına 2011-ci ildə 2 milyon, ötən il isə 5,3 milyon manat vəsait ayrılıb. Yeni yol Qobustan rayonunun Xilmilli, Sündü, Bəklə, Nabur, Cəyirli və Çalov kəndlərinin sakinlərinin rahat gediş-gəlişinə hərtərəfli imkan yaradır.

İlham Əliyev Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olan zaman burada sakinlərlə görüşüb.

- Xoş gördük. Sizi salamlayıram. Yol çəkilibdir, rahatdır, yaxşı istifadə etmək olar. Yol olan yerdə inkişaf və rahatlıq da vardır. Bu, altı kəndi birləşdirən bir yoldur. Özü də yüksək keyfiyyətlə tikilmişdir. Azərbaycan dövləti insanların rahatlığı üçün nə lazımdırsa, onu da edir.

SAKİNLƏR: Çox sağ olun, cənab Prezident. Allah Sizdən razı olsun. Sizə minnətdarıq.

İlham Əliyev: Əvvəlki yolun vəziyyətini siz hamıdan yaxşı bilirsiniz, gediş-gəliş çox çətin idi, əziyyət verirdi. Amma indi rayon mərkəzinə, Bakıya, digər şəhərlərə rahat gedib-gəlmək olar. Yol tikintisi Azərbaycanda sürətlə gedir. Əlbəttə ki, biz ilk növbədə əsas şəhərləri birləşdirən yolların tikintisi ilə məşğul olmuşuq. Bakı-Şamaxı yolu yenidən tikilmişdir, indi isə genişləndirilir, dördzolaqlı yol olacaqdır. Yəni, indi Bakı ilə Şamaxı arasında məsafə vaxt baxımından daha da qısalacaqdır. Çünki rahat getmək olacaqdır. Əlbəttə, magistral yolların təmiri və tikintisindən sonra biz kənd yollarının inşası ilə məşğul olmağa başlamışıq və bu yol da bunun gözəl nümunəsidir.

Sakinlər: Gözəldir. Çox sağ olun, cənab Prezident. Sizə minnətdarıq. Allah Sizdən razı olsun, işinizi avand etsin. Sizə təşəkkür edirik, çox sağ olun.

İlham Əliyev: Sağ olun. Qobustanda 30 yaşayış məntəqəsi vardır. Bu yol altı kəndi birləşdirir. Biz digər dağ kəndlərinə gedən yolları təmir edəcəyik ki, bütün camaat razı qalsın. Sizi bir daha təbrik edirəm.

Sakinlər: Çox sağ olun. Allah sizə cansağlığı versin. Allah işinizi avand etsin. Həmişə Siz gələsiniz.

Xilmilli kəndinin sakinləri ilə də görüşən İlham Əliyev onların həyat şəraiti ilə maraqlanaraq soruşub:

-Necə yaşayırsınız?

Sakin: Əla yaşayırıq. Çox sağ olun. Bizi hər şeylə təmin edirsiniz. Hər şey əladır. Qazımız gəlir, işığımız var, suyumuz da hələlik yaxşıdır.

İlham Əliyev: Daha da yaxşı olacaq. Yol çəkdirmişik, rahat gedib-gəlmək olar. Dolanışığınız necədir?

Sakin: Lap yaxşıdır. Yaxşı dolanırıq. Hər şeyimiz vardır. Allah Sizdən razı olsun. Biz yaxşı yaşayırıq.

İlham Əliyev: Yerli hakimiyyət sizə necə baxır?

Sakin: Lap yaxşı baxır. Cənab Prezident, Allah canınızı sağ eləsin, Sizə uzun ömür versin. Təkcə problem yolumuz idi. Yolumuzu, qazımızı çəkdirmisiniz.

İlham Əliyev: Hər yerdə, hər bir kənddə hər şey olmalıdır. Əsas yol idi. İndi gözəl yolunuz vardır, magistrala oxşayır.

Sakin: Bəli, çox yaxşıdır. Çox sağ olun.

AzNews.az
image description image description