Quba: toz içində ümid – REPORTAJ

İndi rayon böyük inşaat meydançasını xatırladır

Qubaya şəhər statusu veriləcək. Bu münasibətlə rayonda ciddi iş gedir. Gələcəkdə burada möhtəşəm bir görüntü olacağı proqnozlaşdırılır. Hələlik isə...

Qubanın indiki görünüşü insanı dəhşətə gətirir...

Hər tərəf toz içindədir. Tozdan nəfəs almaq olmur. Üstəlik, görülməkdə olan təmir-tikinti işlərinin səs-küyü qulaq batırır. Bir sözlə, şəhər əhalisinin nə gecəsi var, nə də gündüzü.

Görməsən cəfasını, sürməzsən səfasını

Rayonda deyirlər ki, Qubaya ölkə Prezidentinin səfəri gözlənilir. Bu səbəbdən də abadlıq və quruculuq işlər gücləndirilib. Təmir-bərpa işlərini həyata keçirən işçi heyəti 3 növbəli rejimə keçib. İşlər yekunlaşandan sonra Qubada 33 dövlət əhəmiyyətli obyektin açılışı olacaq. Bu isə rayonda sosial-iqtisadi cəhətdən çox böyük dönüşə səbəb olmalıdır. Odur ki, şəhər sakinləri də gözlənilən inkişafı görmək üçün bu günkü mənzərədən də giley-güzar etməməyə çalışır.

Quba hamını heyran qoyacaq

Rayon icra hakimiyyətindən bildirilib ki, bu il 2013-cü ilin I rübündə ümumi məhsul buraxılışı 50,449 milyon manat, sənaye məhsullarının ümumi həcmi 5,986 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 9,480 milyon manat, adambaşına düşən pullu xidmətlər isə 86,1 min manat olub. Rayonun 10,339 milyon manat ümumi gəliri olub.

Rayonun Küpçal, Dağlı, Aşağı Tüləkəran kəndlərində tam orta məktəblərin tikintisinə başlanılıb, Qaraçay, Xucbala və Hacıqayıb kəndlərində məktəblərin tikintisi davam etdirilir və bu ilin avqust ayına kimi tam başa çatdırılacaq. Rayonun 5 kəndində yeni məktəblərin tikintisi planlaşdırılıb.

Quba şəhərinin küçə və meydançalarında ötən ildən başlanmış abadlıq işləri sürətlə davam edir. Şəhərin işıqlandırılması, bir sıra küçələrə asfalt örtüyünün çəkilişi həyata keçirilir. Qısa müddət sonra öz şəhər görünüşü ilə Quba hamını heyran qoyacaq.

Yağışdan çıxan Quba

Apreldə yağan güclü yağışlardan çox ciddi ziyan görən Alekseyevka kəndinə yağış sularının axıdılması üçün suötürücü xəttlər çəkilib. Kəndin ərazisindən keçən magistral yolun kənarına əlavə torpaq daşınaraq relyef yola uyğunlaşdırılıb və burada yaşıl zolaq yaradılıb. Sel altında qalan Alekseyevkanın yerində indi müasir, işıqlı bir qəsəbə var.

Qırmızı Qəsəbə, Vladimirovka, Ağbil, Rustov, Talabıqışlaq yaşayış məntəqələrində də artıq suvarma kanalları təmir olunub.

Kanallar yaşayış məntəqələrinin sel və leysanlardan qorunmasında əvəzsiz rola malikdir.

Kommunal xidmət yaxşılaşdırılıb

Rayonun işıq, qaz və su təchizatının yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Artıq bu sahələrdə də əhaliyə fasiləsiz və keyfiyyətli xidmət təmin olunub. Rayonun Digah, Qəçrəş və Gədikqışlaq kəndlərinə yeni içməli su xətti çəkilib. Tezliklə Quba şəhərinin müasir tələblərə cavab verən su-kanalizasiya sistemi olacaq.

Çörəyi torpaqdan çıxan rayon

Quba həm də kənd təsərrüfatı rayonudur. Əhali çörəyini torpaqdan çıxarır. Odur ki, rayon ərazisində yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsi ilə birlikdə hazırladıqları təkliflərə uyğun olaraq eroziyaya uğramış, şorlanmış və digər səbəblərdən deqredasiyaya uğramış torpaqlar müəyyən edilib və xəritələşdirilərək onlardan səmərəli istifadə olunmasına başlanılıb.

Meyvə tinglərinin yetişdirilərək istehsalçılara satılması, köhnə bağların bərpası sahəsində çox iş görülüb. Nəticədə rayonda meyvə bağlarının sahəsi 14485 hektardır.

Qubada səhiyyə ocaqlarının xidməti də yaxşılaşdırılır. Əhaliyə xidmətin keyfiyyətinə xüsusi fikir verilir. Bu ilin ilk yarısında rayonda 254 uşaq doğulub. Sevidiricidir ki, rayonda ana və uşaq ölümü qeydə alınmayıb.

Qubanın siması dəyişir

Quba rayonunda bir sıra respublika və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Ölkəmizin ən mühüm turizm bölgələrindən olan rayona hər gün müxtəlif xarici ölkələrdən qonaqlar gəlir. Bu səbəbdən rayonda turistləri cəlb edəcək və Qubanın siması olacaq obyektlər inşa edilir.
Turistlər ən çox buradakı "Soyqırım" Abidə kompleksi ilə və rayonda yaşayan azsaylı xalqların adət-ənənələri ilə tanış olurlar.

Hazırda rayon böyük kütləvi tədbirlərə də meydan açıb. Rayonda Heydər Əliyevin və tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyləri yüksək səviyyədə qeyd olunur. Rayonda "Gül bayramı"na geniş hazırlıq işləri aparılır.

Emin
AzNews.az