Bəlkə “1” olaq?...

Jalə Seyidli

....2, 3, 4, 5...

Sadəcə rəqəmdilər.

Yadıma məktəb illəri düşür.
Riyaziyyat, cəbr, həndəsə...
kim dərsini bilməsə,
alacaq: "2"!

3- nəsdi!
4- bəsdi!
Çıxdın 5-ə, vur 15-ə!...

Bəs 1 hanı?....Axıra saxladım. Ən böyük bildiyim üçün...

Deyillər "çayın 1-i qaydadı!"

Əslində, "1" özü qaydadı...

Həyatın qaydası...Bütün tələb və arzularımız "1"ə bağlıdı...

Azdı, kiçikdi, amma hansı tələbimizi böyük qabağında ucadan deyə bilirik ki?

Ya da bir şeyi ikinci, üçüncü və daha artıq istəmək, eləmək olurmu? Olmur!.. Olsa da daş-qalaq eləyirlər bizi...

Ona görə tələbimiz də, arzumuz da, ricamız da "1" ə bağlıdı...

Bir olaq...
Bir dəfə doğulaq..
Bir dəfə sevək...
Bir dəfə sevilək..
Bircə gün xoşbəxt olaq...
Bir dəfə ölək...

"1" başlanğıcdı, həyatdı, o bizə "1" dəfə verilir, ata-anamız da "1" olur, Allah da "1"di. "1" Allah əmridi həm də bircə dəfə ol deyər olmasını istədiyinə...

"1"- xəbərdarlıqdı - "bir də eləsən haa..." deyirik...

"1" – həyəcandı – "birdən görərlər", ilk görüş həyəcanı...

"1" iddiadı- birinci olacam deyirik…

"1" nifrətdi- "bir də üzünü görmək istəmirəm" söyləyəndə…

"1"-mərdlikdi- "kişi sözü bir dəfə deyər" mənasında…


"1" xəyanətdi bəzən, bağışlanması çox çətin, hətta mümkünsüz…

Yüz, milyon, milyard və sairləri "1"-in hesabına var olanlardı...

Birinin kölgəsində dolanan mini kimi... Çoxdurlar amma "1" olmasa başlaya, çoxala, arta bilmirlər...
Çətinə düşən kimi də "1"də deyib əvvələ qayıdırlar... Çünki hər şey "1"-dən başlayır, "1"-dən bitir...

Bəlkə "1" olaq... Heç olmasa Şuşa, Ağdam, Kəlbəcər, Laçın bir sözlə Qarabağ boyda növbəti problem yaşamayaq. Onda itirdiklərimizi də bir-bir geri ala bildik bəlkə....

lent.az