YAP-dan Bakı-Novorossiysk müqaviləsinin ləğvinə reaksiya

Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə Rusiyanın baş naziri Dmitri Medvedyevin Azərbaycan neftinin bu ölkə ərazisi ilə tranzitinə dair iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış sazişin qüvvədən düşməsinə dair imzaladığı müqaviləyə münasibət bildirib.

AZNEWS.AZ-ın məlumatına görə, A.Mirzəzadə bildirib ki, müqavilənin ləğvi sırf kommersiya məsələsidir: "Əslində, məsələnin heç bir siyasi yükü yoxdur. Bu, sırf kommersiya məsələsidir. Kommersiya məsələsində hər dövlət özünün iqtisadi maraqlarını qoruyur".

Deputatın sözlərinə görə, bu cür məsələlər ölkələr arasında münasibətlərdə normal proses hesab edilir: "Rusiya tərəfinin verdiyi xəbərə görə, neftin onların ölkəsinə daşınması iqtisadi cəhətdən sərfəli deyil. Çünki verilən qiymət onun cari xərclərini ödəmir. Bu baxımdan ilin axırına qədər razılaşmaya əsasən əvvəlki qiymətlə neftin nəqli həyata keçirləcək".

A.Mirzəzadə bildirib ki, məsələ ilə bağlı Azərbaycan və Rusiya arasında danışıqlar olması gözlənilir. Razılığa gəlinsə, gələn ilin yanvarından yeni müqavilə əsasında nəqlin davam etdirilməsi baş tuta bilər. Əks təqdirdə isə Azərbaycan öz neftini Bakı-Ceyhan ilə daşıya biləcək: "Hər hansı bir razılaşma isə iki tərəfin də maraqlarına xidmət edəcək. Bu gün Azərbaycan və Rusiya arasında siyasi məsələlərdə ciddi fikir ayrılığı yoxdur. iqtisadi məsələlərdə müəyyən təkliflərin verilməsi və yeni variantların axtarılması işgüzar münasibətlərin göstəricisi sayıla bilər".

Anar
AzNews.az