“Milyarderlər İttifaq”ının üzvü qızına toy etdi

Bu yaxınlarda Bakı şəhərində Rusiyadakı azərbaycanlı iş adamlarından ibarət "Milyarderlər İttifaq"ın üzvü Söyün Sadıqovun kiçik qızının toyu olub. Söyün Sadıqovun qızının bank işçisi ilə ailə qurduğu bildirilir. Xəbəri iş adamının yaxın çevrəsindən də təsdiqləyiblər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, "AzerRos" Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti Söyün Sadıqovun adı tez-tez Azərbaycan mediasının gündəmində olur. Azərbaycan mediası bir sıra qalmaqallarda adı hallanan S.Sadıqovun siyasi və işgüzar fəaliyyəti barədə dəfələrlə yazsa da, indiyədək onun ailəsi, övladları barədə məlumat verilməyib.

Modern.az saytının araşdırması nəticəsində məlum olub ki, "Milyarderlər İttifaq"ın üzvü Söyün Sadıqov iki dəfə ailə qurub. Əldə etdiyimiz məlumata görə, cənab Sadıqovun birinci həyat yoldaşından bir oğlu var. İkinci dəfə öz xalası qızı ilə ailə quran Söyün Sadıqovun bu evlilikdən bir oğlu və iki qızı dünyaya gəlib.

Onun böyük oğlu Ruslan Sadıqovun 29 yaşı var. Digər övladları Səbinə Sadıqovanın 25, Qasım Sadıqovun 23, Sabrina Sadıqovanın 20 yaşı var. Onu da öyrənə bildik ki, Söyün Sadıqovun hər iki qızı ailəlidir və hazırda Bakıda yaşayırlar. Oğlanları isə Moskva şəhərində yaşayır və orada işləyirlər.

İqtisad elmləri namizədi, biznesmen, "AzerRos" Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi olan Söyün Sadıqov 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir. 1980-1981-ci illərdə DTK orqanlarında işləyib. Söyün Sadıqov 1981-ci ildən Moskvanın "Qlavmosremont" tikinti şirkətində çalışıb. Tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. 1986-cı ildən "Mosrekonstruksiya" şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub. 1994-cü ildə fəxri memar adına layiq görülüb.

2002-ci ildən 2012-ci ildək "AzerRos" təşkilatının prezidenti olub.
Haqqındakı məlumatlara görə, 2005-ci ilin martında S.Sadıqova sui-qəsd olub, ofisinin yaxınlığında killer onun avtomobilinə avtomatdan atəş açıb. Nəticədə iş adamının sürücüsü yaralanıb, özünə heç nə olmayıb.
S.Sadıqov Rusiyaya və Putinə sədaqətini 2008-ci ilin avqustunda Gürcüstana qarşı hərbi müdaxilə zamanı da göstərib. Rusiya aviasiyasının Gürcüstan şəhərlərini bombaladığı bir vaxtda Sadıqov münaqişəyə görə Saakaşvilini günahkar elan edib və deyib ki, onun hakimiyyəti gürcü xalqını "zombiləşdirib və dezinformasiya içərisində saxlayır". Sadıqov Saakaşvili hakimiyyətinə qarşı sonralar da öz fikirlərini səsləndirib, deyib ki, Rusiyanın Gürcüstanla problemlərinin kökündə Saakaşvili dayanır və o, hakimiyyətdən getməlidir.

Hazırda Söyün Sadıqov Rusiya və digər ölkələrin xarici tikinti şirkətlərinin məsləhətçisidir.

AzNews.az