“Ramil Usubov istefa verməlidir” - TƏLƏB

"Daxili işlər naziri Ramil Usubov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində blogger Rəşad Ramazanovun başına gətirilən dəhşətlərə görə istefa verməlidir".

Bu sözləri vəkil Aslan İsmayılov bu gün Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun ofisində mayın 9-da narkotik ittihamı ilə həbs edilən blogger Rəşad Ramazanovla bağlı keçirdiyi mətbuat konfrasında deyib.

Aslan İsmayılov bildirib ki, Rəşad Ramazanovun hüquqlarını onun rəhbərlik etdiyi firmanın vəkili Rövşən Şirəliyev müdafiə edir. Bloggerin hələ də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanıldığını deyən Aslan İsmayılov bildirib ki, onun başına olmazın oyunlar gətirilib: "Mən sadəcə deməyə söz tapmıram. Yalnız onu deyə bilərəm ki, indiyə qədər eşitdiyiniz, gördüyünüz işgəncə faktları bunun yanında yalandır. Rəşad Ramazanova ağlasığmaz işgəncələr verilib. Vəkili onunla görüşəndə bütün bunları bilib. Artıq vəkilini də iki gündür ki, onunla görüşdürmürlər. Bəlkə də Rəşad heç sağ deyil".

Aslan İsmayılov əlavə edib ki, Rəşad Ramazanov barəsində həbs qəti imkan tədbiri seçilsə də, təcridxanaya köçürülmür: "Həm vəkiili ilə görüşünə icazə verilməməsi, həm təcridxanaya köçürülməməsi bizdə onun sağ olmasına şübhələri artırır. Əgər Rəşad Ramazanov sağdırsa o zaman vəkilə onunla görüşə icazə verilsin və o, təcridxanaya köçürülsün. Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ona olmazın işgəncələr verən vəhşilər barədə isə tədbir görülməli, buna görə daxili işlər naziri Ramil Usubov istefaya getməlidir". (Azadliq.info)

AzNews.az