Mikayıl Cabbarov işgüzar səfərdə

Bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.


Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, əvvəlcə təhsil naziri Naxçıvan şəhərinin mərkəzi meydanında yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, buradan Heydər Əliyev muzeyinə yola düşüb.

Heydər Əliyev muzeyində ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı unikal eksponatlarla tanışlıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüş keçirilib.

Görüşdən sonra Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun, Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyevin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin akt zalında Azərbaycan Prezidenti İlham Əliyevin 17 may 2013-cü il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Saleh Məhərrəmovun ali məktəbin kollektivinə rəsmi təqdimatı keçirilib.

Çıxışında Azərbaycanın təhsil naziri Naxçıvan Dövlət Universitetinin yaradılması tarixinə toxunub, Saleh Məhərrəmova yeni fəaliyytində uğurlar arzu edib. Naxçıvan Dövlət Universitetinin nailiyyətlərini qeyd edən nazir, yeni rektorun qarşısında duran məqsəd və vəzifələrdən danışıb.

Naxçıvan Dövlət Universitetinin kollektivi ilə aparılan fikir mübadiləsi zamanı müəllim nüfuzunun bərpa olunması, müəllimlərin layiq olduqları səviyyədə yaşamaları ücün ali təhsil müəssisələrinin iqtisadi fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə edilib, Azərbaycan Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə əməli işlərin görüləcəyi ilə bağlı məlumat görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycanın təhsil naziri Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası, burada təhsil alan yerli və xarici tələbələrin tədris və yataqxana şəraiti ilə taniş edilib, universitetin mövcud qabaqcıl təcrübəsi barədə nazirə məlumat verilib.

Səfər zamanı Mikayıl Cabbarovu Azərbaycan Təhsil Nazirliyinin məsul əməkdaşları müşayiət ediblər.

AzNews.az