Zahid Oruc Zahid Oruc

Son zəng və son dərs

Zahid Oruc



Daha bir tədris dövrü başa çatır və ilə yekun vurulur. 130 minə yaxın Azərbaycan gənci məzun olaraq cəmiyyət həyatına daxil olacaqdır. Onların tamhüquqlu vətəndaşlara çevrilməsi və gələcək qayğıları bu "son zəng"lə hamımıza mühüm siqnallar verir.

Əslində dövlət başçısının yeni Təhsil Nazirini təyin etməsini bu sferada ölkə rəhbərini qane etməyən bir sıra vəzifələr və problemlərlə əlaqələndirə bilərik. Çünki istənilən millətin inkişafı təkcə iqtisadi amillərlə və təbii resurslarla müəyyənləşdirilə bilməz. Əgər cəmiyyəti irəliyə daşıyan intellektuallar olmayacaqsa, zəkalı beyinlərin defisiti yaşanacaqsa, onda əldə olunmuş nailiyyətləri də qoruyub saxlamaq mümkün olmayacaqdır.

Yeni təhsil naziri ilk növbədə Azərbaycan elmi potensialının qorunması və genişləndirilməsinin ağırlığını çiyinlərində daşıyan müəllimlərin hüquqi və sosial statusunun qaldırılması haqda tədbirləri dövlət başçısına təqdim etməklə yadda qalacaqdır. Prezident hər zaman qabaqcıl dünya görüşə, əsası proqramlara dəstək olub. Tarixi işin və strateji məqsədin birinci növbədə dayaqlarını yaratmaq lazımdır. Müəllimləri tərəfdarına çevirmədən islahatlar effektiv ola bilməz. Onların attestasiyası, biliklərinin obyektiv qiymətləndirilməsi və daha sonra dövlət qulluqçusuna çevrilərək ən yüksək əmək haqqı alması cəmiyyətdə nüfuz qazanmanın və yaxşı nümunəyə çevrilmənin başlıca şərtidir. Müəllimləri təminatlı olmayan ölkə varlı sayıla bilməz. Biz böyük iqtisadi rəqəmləri və büdcə ayırmalarını təhsilə daşıyarkən bunu 1-ci sıraya qoymalıyıq.

Burada vahid bir ali təhsil müəssisinin müəllim yetişdirmə tələbini də unutmaq olmaz. Yoxsa, kolleclər aşağı səviyyəli kadrlarını orta məktəblərə sırımaqla sabahımıza zərbə vurmaqda davam edəcəklər.
Azərbaycan insanı gözləyir ki, təhsil strukturları yalnız müvafiq Nazirliyə tabe olsun və digər icra orqanları qarşısında cavabdehlik daşımasınlar. Əks halda qəbul edilmiş ən yaxşı proqramlar da kənarda qalacaq və meydana başqa meyarlar çıxarılacaq. Bu isə arzuolunmazdır.

Uzun illər ərzində Tələbə Qəbulu Komissiyası ilə yaşanan problemlər və idarəçiliyin qarışması, barrikadaçılıq və ikitərəflilik hər bir təşkilatı vahid bir siyasəti yürütməyə deyil, digərini səhv çıxartmağa yönəlmişdi. Halbuki son 10 ilin qəbuluna görə 800 min abituriyentin bal göstəricisi köhnə qiymətləndirilmə ilə "2"-dirsə, onda bunu ortaya çıxaran Komissiyanı nə adla günahlandırmaq olar? Yüzlərlə məktəb var ki, heç bir tələbə yetişdirə bilmir. Bəs bu halda havaya sovrulan pulların məhsuldarlığı nədədir və məktəbin funksiyası nə ilə ölçülməlidir?

Elmi potensialı gücləndirmədən irəli getmək olmaz. Büdcə vəsaitlərinin yalnız 0.7 faizi bu sahəyə yönəlirsə, bu həm də elmtutumlu layihələrin iqtisadiyyatda azlığı və gəlir gətirmə qabiliyyətinin aşağı olmasındadır.
Azərbaycanın alimlərinin sayı cəmi 10 min nəfərdən bir az artıqdır. Bu dünya statistikası ilə müqayisdə çox da yaxşı nəticə deyil. Orta yaş həddi 58 olan alimlərin gənc varisləri çox azdır. Bu bir çox mühüm proqramların qəbulunu tələb edir. Alimlərin gəncləşməsinə mane olan onlarla faktoru aradan qaldırmaq mühüm bir vəzifədir. Sosial təminat və tələbənin gələcək karyerasına yardım önəmli yeri tutmalıdır. "Beyin axını" bütün başqa emiqrasiyalardan daha strateji məna kəsb edir. Ermənilərin alimlərin sayı bizim 10 minə nəfərə düşən sayla müqayisədə 3 dəfə artıqdır. Yaponiyada isə 30 dəfə.

Malayziya və Sinqapur bir ömür tsiklində 4 dəfə peşəsini və ixtisasını dəyişmək imkanı uğrunda vuruşurkən, hər yüz nəfərə 90 ali təhsilli yetişdirmək vəzifəsini qarşıya qoyurkən bizim ayrı müstəvidə və reallıqda inkişaf modeli axtarmağa ehtiyacımız yoxdur.

Parlamentdə bax bu vəzifələrdən söhbət açmış, məktəblərdə çalınan zəngin mənasını belə qiymətləndirməli olduğumuzu söyləmişdim. Bizim üçün "son dərs" bax budur!