Milli Şura dəyişikliyə nail olacaq – SORĞU


AzNews.az iyun ayında oxucular arasında keçirdiyi sorğuya yekun vurub. İyunun 1-30-da keçirilən sorğuda təqdim olunan "Milli Şuradan nə gözləyirsiniz?" sualını 1085 respondent cavablandırıb.

Nəticələrdən aydın olur ki, sorğu iştirakçılarının yarıdan çoxu Milli Şuranın hakimiyyət dəyişikliyinə nail olacağını düşünür. Belə ki, 590 nəfər seçimində məhz bu cavaba üstünlük verib.

Sorğuda iştirak edən 238 nəfər isə bunun tam əksini düşünür. Onların fikrincə Milli Şura heç nəyə nail ola bilməyəcək.

Səslərin sayına görə üçüncü yerdə Milli Şuranın müxalifətin birlik mərkəzinə çevriləcəyini düşünənlərin cavabı dayanır - 128 nəfər.

Sorğu iştirakçılarından 56 nəfəri MŞ-nın Rusiyanın əlaltısına çevriləcəyi qənaətindədir.

Sorğuya qatılanların ancaq 15 nəfəri yeni qurumun milli qüvvələri parçalayacağını düşündüyünü bildirib.

Qeyd edək ki, ənənəyə uyğun olaraq iyulun 1-dən etibarən AzNews.az yeni sorğuya start verir. Bu dəfə oxucular seçki öncəsi ölkədə nələr olacağı ilə bağlı fikirlərini bildirmək imkanı qazanacaqlar. Yeni sorğu avqustun 1-dək davam edəcək.

Elnarə Əlosmanqızı
AzNews.az