III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 binada keçirilir. İmtahanların idarə olunması üçün 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2318 nəzarətçi-müəllim cəlb olunub.

2013-cü ildə III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib. Onlardan 26776 nəfəri Azərbaycan bölməsinin, 2163 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7633 nəfərini oğlanlar, 21306 nəfərini qızlar təşkil edir. 15622 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 10715 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 129 abituriyent xarici ölkələrin vətəndaşıdır. 179 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 2423 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir. Bakı şəhərində 12246, Naxçıvanda 2014, Gəncədə 3567, Sumqayıtda 1717, Mingəçevirdə 1304, Şəkidə 1858, Ağcabədidə 1205, Göyçayda 1324, Şirvanda 1028, Lənkəranda 1703, Qubada isə 973 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. III ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.

AzNews.az