Deputatdan tələb: Rasim Balayev üzr istəməlidir

Xalq artisti Rasim Balayev virtualaz.org saytına müsahibəsində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu barəsində ağır sözlər söyləyib.

AzNews.az-ın məlumatına görə, partiya sədrini başı xarab adlandıran xalq artisti belə deyib: "Onun başı xarabdır. O, Səməd Vurğuna da dil ustadı. Nəbini də, Həcəri də təhqir elədi. Nə deyim, iş-peşəsi olmayan adamdır də. Bəs nə eləsin ki, gündəmə gəlsin?! Get işinlə məşğul ol da, qardaş. Bu, tərbiyəsizlikdir".

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə həmkarı S.Cəlaloğlunun müdafiəsinə qalxıb. O bildirib ki, bir ziyalının razılaşmadığı fikirlərə görə bir siyasət adamını bu cür çılpaq şəkildə təhqir etməsi acınacaqlı haldır: "Sərdar Cəlaloğlu ilə bizim siyasi baxışlarımızda xeyli fərqliliklər var, dost da deyilik. Ancaq onun söylədiyi fikirlərə qarşı fikir, mülahizə ortaya qoymaq əvəzinə, birbaşa şəxsiyyətini təhqir etmək həqiqətən hörmət etdiyim ağsaqqal sənət adamı Rasim Balayevə yaraşmaz. Bunu bəlkə də əsəbi şəraitdə söyləyib, mütləq üzr istəmək alicənablıq nümunəsi olardı".

F.Mustafanın sözlərinə görə, ziyalı kimi qəbul olunan insanların təhqir edən tərəf kimi çıxış etməsi daha çox zərərli ənənə formalaşdırır: "Bu gün sosial şəbəkələrdə bizlər də çoxlu görüşlərimizi paylaşırıq. Razılaşan da olacaq, razılaşmayan da. Bəziləri məhdud düşüncə sahibi kimi, birbaşa təhqir etməklə sağlam müzakirədən qaçmağa çalışır. Sözün, ağlın tükəndiyi yerdə təhqir başlayır".

Anar
AzNews.az