Bakılılar Rauf Arifoğlundan prezidentə şikayət edəcək

Xalq rəssamı Tahir Salahovdan bu barədə xahiş olunacaq

Şair Rüstəm Behrudinin "Hamıya qalib gəlib, özünü satan Bakı".... şeirinin əks-sədası hələ də davam edir.

Adı çəkilən şeirlə bağlı Bakı Kəndlər Birliyinin bəyanat verdiyini və bakılıların R.Behrudiyə hiddətləndiyi barədə məlumat vermişdik. BKB-nin bəyanatının ardınca isə şair Bakı əhalisindən üzrxahlıq etmişdi.

AzNews.az-ın məlumatına görə, Bakı haqqında yazılan şeirə etiraz edənlərin siyahısına Bakının tanınmış ziyalılarından da qoşulan var.

Bu barədə saytımıza məlumat verən BKB-nin rəsmilərindən olan Məlahət Babayeva bildirib ki, R.Behrudinin şeiri ilə əlaqədar artıq Mətbuat Şurasına və Yazıçılar Birliyinə etiraz müraciəti ünvanlayıblar: "İlk müraciət Mətbuat Şurasına ünvanlanıb. Mətbuat Şurasına müraciət "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə əlaqədardır. Rauf Arifoğlu Rüstəm Behrudinin şeirini çap etməklə Azərbaycanda bölgəlçilik siyasəti aparır. O, dəfələrlə rəhbərlik etdiyi mətbuat orqanında Bakı və bakılıların bilərəkdən təhqir edilməsinə şərait yaradıb. Buna görə o, cavab verməlidir".

M.Babayevanın sözlərinə görə, AYB-yə ünvanlanan müraciət isə qurumun Rüstəm Behrudi ilə bağlı ölçü götürülməsinin tələb edilməsi ilə bağlıdır: "Yazıçılar Birliyinin sədri Anara müraciət etdik ki, dəfələrlə öz yaradıcılığında Bakı və bakılıları təhqir edən bu şəxslə bağlı tədbir görülsün. Əgər Yazıçılar Birliyi bu məsələyə diqqət ayırmasa, Rüstəm Behrudi digər bölgələri də təhqir edəcək. Yazıçılar Birliyinə edilən müraciətə Bakı Kəndlər Birliyinin üzvləri ilə yanaşı, tanınmış ziyalılar da imza atıb".

M.Babayevanın sözlərinə görə, məsələ ilə bağlı hazırda Rusiyada yaşayan Xalq rəssamı Tahir Salahovla da görüş planlaşdırılır: "Tahir Salahovla şəxsən görüşməyi nəzərdə tuturuq. Görüşdə tanınmış ziyalılar da iştirak edəcək. Bu məsələlərin bir daha təkrarlanmaması üçün Tahir Salahovdan ölkə prezidentinə müraciət etməsini xahiş edəcəyik".

Bahar Rüstəmli
AzNews.az