Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin ev-muzeyi hanı?

Pribaltika respubliklarında SSRİ-dən sonra qalmış heykəllər tullanmayıb. Onlar ayrıca bir parkda ümumi şəkildə qurunur. Ancaq bizdə nədənsə bu cür heykəllər məhv edildi. Bununla bağlı deputat Fazil Mustafa Modern.az saytına öz münasibətini bildirib.

"Bütövlükdə bu məsələnin həlli istiqamətində müəyyən dərəcədə təşəbbüslər olub. 26-ların abidəsi və başqa abidələr bir yerə toplanıb. Amma bunların saxlanması da müəyyən problemlər yaradır. Məncə bir parkda, bir bağda, bina altında bu abidələrin qorunub saxlanması daha faydalı olardı. Çünki gələcəklə bağlı xatirə üçün, insanların bəlli bir prosesi xatırlaması, gələcək nəslin tariximizi daha yaxşı qavraması üçün vacib olardı. Çox təəssüf ki, Azərbaycanda bir az mədəniyyətin başqa bir nümunəsi də var ki, təkcə bunlardan söhbət getmir. Son 15-20 ilin tarixinin bir prosesi də müşahidə olunur. Ona görə də bu bir mədəniyyət məsələsidir. Başqa ölkələr bu yöndə bizdən daha mədəni yol tutublar. İndi insanların nə iləsə tanış olması, keçmişlə münasibətinin olması cəmiyyəti qorxutmur. Bizdə isə əksinədir, sanki insanları nə isə qorxudur. Doğrudur, hər şeyi xatırlamaq lazımdır. Ancaq tariximizdə dağıdıcı rol oynamış insanları fikirləşmək doğru olmazdı. Quruculuq rolu oynamış insanların problemi də var. Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin ev-muzeyi hanı? Bunlar hamısı ciddi məsələlərdir. Azərbaycanın bu yöndə Pribaltika ölkələri ilə müqayisə olunması ədalətsizlik olardı. Amma bir parkda bu heykəllərin bir yerə toplanması vacibdir".

AzNews.az