Prezident seçkilərinin vaxtı açıqlandı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, M. Pənahov deyib ki, Seçki Məcəlləsinin 178.1-ci maddəsinə görə Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.

Lakin həmin gün Qurban bayramına təsadüf etdiyindən, Seçki Məcəlləsinin digər maddəsinə görə, seçkilərin keçirilməsi günü dəyişdirilir. MSK sədri prezident seçkilərinin oktyabrın 9-da keçirilməsinin təklif olunduğunu söyləyib.

Aparılan müzakirələrdən sonra 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkiləri gününün elan edilməsi və seçkilərə rəsmi start verilməsinə dair qərar verilib.

Qərarda bildirilib ki, prezident seçkilərinin əsasları Azərbaycan Respublikası Konstitusiyasının 100-102-ci maddələri ilə, seçkilərin təyin edilməsi müddəti və qaydası isə Seçki Məcəlləsi ilə müəyyən edilib. Konstitusiyanın 101.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.

Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib, hazırda respublika prezidentinin 5 illik səlahiyyət müddətinin son ili başa çatmaqda olduğundan yeni seçkilərin təyin edilməsi üçün əsas yaranıb.

Seçki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi günü Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir. Həmin Məcəllənin 178.3-cü maddəsinin tələbinə görə seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Konstitusiyanın 100-102-ci və Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 177-ci, 178.2-ci və 178.3-cü maddələrinə uyğun olaraq qərara alıb ki, 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü elan edilsin.

İclasda Seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlər Təqvim Planı da təsdiq edilib, vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun formalaşdırılması, o cümlədən oktyabrın 9-a təyin olunan prezident seçkilərində MSK-nın nəzdində İşçi Qrupunun yaradılması və rəhbərinin təyin olunması ilə bağlı qərar qəbul edilib.