Mikayıl Cabbarov tələbələrlə görüşdü

Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş ilk 41 tələbə ilə görüşüb. Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulamış və dövlətimizin gənclərə göstərdiyi etimadı tam şəkildə doğruldacaqlarına ümidvar olduğunu bildirib.

Mikayıl Cabbarovun sözlərinə görə, neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyən nazir qeyd etmişdir ki, gəncliyin müasir tələblər səviyyəsində yetişməsinə ayrılan vəsait ölkənin, xalqın firavan gələcəyinin daha etibarlı təminatına zəmin yaradır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş ilk 41 tələbə təhsilini Böyük Britaniya (14 nəfər), Türkiyə (9 nəfər), Kanada (6 nəfər), İsveçrə (6 nəfər), Avstraliya (2 nəfər), Fransa (1 nəfər), Litva (1 nəfər), İsveç (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (16 nəfər), magistratura (16 nəfər), rezidentura (8 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində davam etdirəcəklər. Onu da qeyd edək ki, xaricdə təhsil üzrə Dövlət Proqramına 2013-2014-cü tədris ili üçün sənəd qəbulu 22 may - 15 avqust tarixilərini əhatə edir. Avqustun 2-ə qədər 828 nəfər elektron ərizə dolduraraq Dövlət Proqramına qeydiyyatdan keçmişdir. Sənədləri qaydasında olmadığı üçün qəbul olunmayan 80 nəfər sənədlərini müvafiq qaydada tamamladıqdan sonra 15 avqust tarixinə qədər yenidən Təhsil Nazirliyinə müraciət edə bilərlər. Artıq 374 namizədlə müsahibələr aparılmış və onlardan 93-ü müsahibə zamanı müsbət rəy ala bilməmişdir.

Sənədləri qəbul olunmuş namizədlərlə müsahibələr davam etməkdədir. Ötən illərdən fərqli olaraq, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı Səhiyyə Nazirliyi (tibb ixtisas istiqaməti üzrə müraciət edənlərlə), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər Universiteti və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) (xaricdə təhsil təcrübəsi baxımından) nümayəndələri iştirak edirlər.

Elnarə
AzNews.az