“Azərbaycanfilm“ kinostudiyası ilə bağlı sərəncam verildi

Azərbaycan Prezidenti İlham Əliyev Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının 90 illik yubileyi haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd olunur ki, milli kinematoqrafiyanın inkişafında müstəsna xidmətləri olan Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının 90 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2013-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yaradılmasının 90 illiyi tamam olur. Ötən müddət ərzində "Azərbaycanfilm" kinostudiyası zəngin inkişaf yolu keçib.

Kinostudiyada çəkilən və sənətkarlıq baxımından yüksək bədii keyfiyyəti ilə seçilib indi də böyük uğurla nümayiş etdirilən filmlər Azərbaycan kinematoqrafiyasının parlaq səhifələrini təşkil edir. Xalqımızın qədim tarixi ənənələrə malik mədəni-mənəvi irsinin qorunub saxlanmasında, peşəkar milli kadrların hazırlanmasında kinostudiyanın fəaliyyəti təqdirəlayiqdir.


AzNews.az