İlham Əliyev suyun verilməsi mərasimində iştirak etdi - Yeniləndi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, əlamətdar hadisə münasibətilə onları təbrik edib.

İctimaiyyətin adından çıxış edən Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edib.

Sonra "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, İsmayıllı rayonunda sifarişçisi "Meliorasiya və Su Təsərrüfatı" ASC olan su təchizatı və kanalizasiya şəbəkəsi, çirkab sutəmizləyici qurğunun tikinti və yenidənqurma işləri bu sahədə böyük təcrübəsi olan şirkətlər tərəfindən həyata keçirilir.

İsmayıllı şəhərinin əhalisinin sayının 2030-cu ilədək 28 min nəfərdən çox olacağı nəzərə alınaraq, rayon mərkəzini içməli su ilə təmin etmək məqsədi ilə layihədə su mənbəyi kimi rayonun Qız qalası ərazisində yerləşən Ax-ox çayın məcraaltı suları nəzərdə tutulub. Həmin ərazidə sugötürücü qurğunun, həmçinin diametri 355 millimetr, uzunluğu 11 kilometr olan magistral su xəttinin tikintisi başa çatdırılıb.

Magistral su xətti üzərində su anbarı, xlorlama binası və təzyiqazaldıcı anbar tikilib. Layihə çərçivəsində İsmayıllı şəhərində əhalinin gün ərzində adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulub. Əlavə olaraq İsmayıllı şəhərinə yaxın ərazidə yerləşən və ümumilikdə 10 min 252 nəfər əhalisi olan Mican, İsmayıllı və Talıstan kəndlərinin aşağı hissəsinə də içməli su xətti çəkilmiş, tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə yerinə yetirilib.

Nəticədə İsmayıllı şəhəri, Mican, İsmayıllı və Talıstan kəndlərinin böyük bir hissəsi daxil olmaqla hər bir ev, o cümlədən ictimai və sosial obyektlər içməli su ilə təmin olunmuş və kanalizasiya şəbəkəsinə qoşulub. Bundan başqa, magistral xətt üzərində yerləşən Xanagah kəndinə də içməli su xətti çəkilmişdir. Bundan başqa dörd su anbarı inşa edilib. Həmçinin 33 min nəfər əhaliyə xidmət edə biləcək çirkab sutəmizləyici qurğunun daha müasir qurğu ilə əvəz olunması üçün layihədə müvafiq dəyişikliklər edilib. Qurğunun tikinti işləri davam etdirilir.

Daha sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət edib.

Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.


***
13:07
Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfər edib.

Dövlət başçısı əvvəlcə İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Qasımov Prezident İlham Əliyevə Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmıb. Bu istirahət mərkəzində qısa müddətdə böyük abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb, yaşıllıq salınıb.

Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirib.

AzNews.az