“Yaxın Şərq yeni eraya daxil olur” – EKSPERT

"Misirdəki olaylar ABŞ prezidenti Barak Obamanı da çətin vəziyyətə sürükləyib. ABŞ administrasiyası bir tərəfdən dünənki qətliamı sözdə də olsa qınadı, qınamaya bilməzdi, açıq-aşkar mülki insanlar qətlə yetirilib. Ancaq həmin ABŞ qətliama yaşıl işıq yandıran həmin Misir ordusunun başında dayananlara 2 milyard dollara yaxın pul ayırır".

AzNews.az-ın məlumatına görə, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, əvvəllər ABŞ bu pulu ayıra bilirdi, ancaq indi əli qana batan misirli generallara 2 milyard dollar ayırmağın çətinlikləri göz qabağındadır: "Obamanın bir yolu var: Amerikanın pulu hesabına bəslənən Misir ordusunun qısa müddətdə seçki təyin edib siyasi proseslərdən kənara çəkilməsini təmin etməkdir. Ancaq dünənki qətliamdan sonra ordunun da asanlıqla geri çəkiləcəyini düşünmək çətindir. Misirli generallar gələcəkdə məsuliyyətə cəlb olunacaqlarından ehtiyat edəcəklər".

E.Şahinoğlunun fikrincə, "Müsəlman Qardaşlar" təşkilatı da indiki halda əliboş dayanmayacaq: "Qrupun içindəki radikalların silaha əl atacaqları istisna deyil. Əlcəzairdə də belə olmuşdu, Suriyada da belədir. Yaxın Şərq yeni eraya daxil olur".

Anar
AzNews.az