Jurnalistlər 700 bal toplayanları mükafatlandırıldı

Parlament Jurnalistlər Birliyi (PJB) 2013-2014-cü tədris ilində tələbə qəbulu imtahanlarında ən yüksək bal toplayan abitiriyentlərlə görüş təşkil edib.

AzNews.az-ın xəbərinə görə, deputatlar Rövşən Rzayev, Cavanşir Feyziyev, Fuad Muradov, Əkrəm Abdullayev, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Tələbə Qəbulu Dövlət Komitəsinin (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin iştirak etdiyi tədbirə Azərcell-dən Xatirə Tağıyeva, AGBank nümayəndəsi Əfqan Cəlilov, Türkiyənin Bilkənt Universitetinin professoru Həsən Əli Karasaat, Koreyanın "SK Telecom" şirkərinin vitse-prezidenti Danian Kimin başçılıq etdiyi nümayəndə heyəti də qatılıb.

PJB sədri Elşad Eyvazlı bildirib ki, görüş gənclərin və onların yüksək nəticələrinin təbliği məqsədi daşıyır: "Onlar yüksək nailiyyət qazanıblar və bu uğurlarının sevincinə biz də şərikik. Ancaq biz sadəcə sevinməklə kifayətlənməməliyik. Bu gənclərin bundan sonrakı təhsil pillələrində və sonradan işlə təmin olunmalarındakı prosesdə yardımçı olmalıyıq".

Deputat C.Feyziyev, F.Muradov və Ə.Abdullayev də gənclərin istedad və bacarığına güvəndiklərini, onların istənilən şəxsin köməyinə güvənə biləcəyini bildiriblər: "Qaldırdığınız hər hansı məsələdə hər kəsin sizə kömək etməyə çalışacağına əmin ola bilərsiniz".

Tədbirdə gənclər də istəklərini bildirib. 700 bal toplayan Məhəmməd İsmayılov imtahanların elektron keçirilməsini təklif edib: "İmtahan vaxtı qəza olur, cavab kağızının üstünə su tökülür, ya da köçürərkən abituriyent səhv edir. Odur ki, imtahanların elektron üsulla keçirilməsini təklif edirəm".

Tədbirin sonunda "Azərcell" və "AGBank"ın nümayəndələri tələbə adı qazanan gənclərə qiymətli hədiyyələr təqdim edib.

Ruhiyyə
AzNews.az