“Yeyib-içən oğlan” kimi görünmək

Sovet dövründə Azərbaycanda hər bölgənin öz xarakterik xüsusiyyəti olub.

Eşitdiyimə görə, bəzi rayonlarda hərbi xidmətdə olmayan oğlanlara qız vermirmişlər. Ağsaqqallar deyirmişlər ki, "kişilik məktəbi"ni keçməyən adam yaxşı ailə başçısı ola bilməz.

Bəzi bölgələrdə isə məhbus həyatı yaşamayan oğlana qız verməyə tərəddüd edirmişlər. Gələcək kürəkənlərinin nə vaxtsa həbsxanaya düşəcəyini nəzərə alan valideynlər istəyirmişlər ki, oğlan bu "qayğıdan" azad olandan sonra gənclər ailə qursunlar.

Bizim kənddə isə oxumayan oğlana qız vermirdilər. Buna görə də oğlanların hamısı çalışırdı ki, ali təhsil alsın. Ali məktəbə qəbul ola bilməyən oğlanlar mütləq hansısa texnikumun qapısını döyürdülər. Bunun nəticəsidir ki, sovet dövründə bizim kənddən 50-dən çox alim çıxmışdı. Yadımdadı, hansısa həmkəndlimiz müdafiə edib, alim adını alanda kənd camaatı həmin adamın Bakıdakı evinə axışırdı. Kəndimizdə ən kök quzunu, ən diribaş xoruzu, həyətdəki ən gözəgəlimli çolpanı alimlər üçün kəsirdilər. Məclislərdə alimlərin yeri lap başda olduğundan hamı çalışırdı ki, onların yolu ilə getsin. Hətta çobanlar da boş vaxtlarında kitab oxuyurdular ki, heç kimdən geri qalmasınlar...

Azərbaycan cəmiyyətində kitabın rolu arxa plana keçəndən sonra insanlar fərqlənmək üçün başqa üsullara əl atmağa başladılar. Sosial şəbəkələr həyatda uğur qazana bilməyən bir çox adama özünü təsdiqləmək üçün yeni imkanlar açdı. Son vaxtlar diqqətimi ən çox cəlb edən məqam bəzi gənclərin bahalı maşınların qarşısında dayanıb, şəkil çəkdirməsidir. Ömrü boyu 100 manat qazana bilməyən adam başqasının 100 min manatlıq maşınının qarşısında çəkdirdiyi şəkli az qalır ki, sosial şəbəkələrdə gözümüzə soxsun. Yolu bölgələrə düşən gənclərin rayonlardakı dəbdəbəli villaların qarşısında dayanıb şəkil çəkdirməsi də geniş yayılıb. Amma mən virtual aləmdə dostluq etdiyim bu adamların əlində kitab olan bircə şəklinə də rast gəlməmişəm...

Özünü "pullu oğlan" kimi göstərmək istəyən bu adamların başqa bir şakəri də manqal qarşısında şəkil çəkdirməkdir. Kim Bakıdan kənara çıxırsa, tüstülənən manqalın qarşısında dayanıb, poza verir. Azərbaycanda quzu ətinin bir kiloqramı 9-10 manatdır. Yəni, ən kasıb adam da bir kiloqram quzu əti alıb, kabab bişirə bilər. Kabab yediyi üçün özünü başqalarından üstün saymaq uşaqlıq əlamətidir. Manqal qarşısında çəkdirdiyi şəkli sosial şəbəkələrdə gözümüzə soxmağa çalışan bu adamlar başa düşməlidirlər ki, onlar "yeyib-içən oğlan" yox, görməmiş adam təsiri bağışlayırlar...

Lent.az