Abdullayev və İbrahimbəyova açılmış cinayət işindən yeni RƏSMİ XƏBƏR

Vergilər Nazirliyi sabiq deputat Hüseyn Abdullayev və Milli Şuranın və Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovla bağlı açılmış cinayət işlərinə dair yeni məlumat yayıb.

Nazirliyin AzNews.az-ın sorğusuna əsasən verdiyi məlumata görə, H.Abdullayevə və Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı açılmış cinayət işlərinin istintaqında heç bir yenilik yoxdur. Məlumatda bildirilir ki, hər iki cinayət işi ilə bağlı istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam edir. İstintaqın nəticələri ilə bağlı məlumat isə istintaq başa çatdıqdan sonra veriləcək. Qeyd edək ki, Vergilər Nazirliyinin yaydığı məlumata görə, Hüseyn Abdullayev "Araz Inc" MMC-nin fəaliyyətinə faktiki rəhbərlik etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, 966 min manat gəlir əldə edib. Məlumatda bildirilirdi ki, H.Abdullayev CM-nin 192.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini və külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə həmin maddələrlə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, lakin istintaqın çağırışlarına gəlmədiyi, istintaqdan gizləndiyi və respublika hüdudlarından kənarda olduğu üçün beynəlxalq axtarışa verilib. Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı açılmış cinayət işi ilə bağlı Nazirliyin yaydığı məlumatda isə belə deyilirdi:

"İbtidai istintaq zamanı toplanmış materiallara əsasən müəyyən edilib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2009-cu ildə XI "Şərq-Qərb" Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış 330000 manat pul vəsaitindən 267130 manatı nəğd qaydada kinofestivalın xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxslərə verilib. İstintaqın gedişində ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi araşdırılarkən müəyyən olunub ki, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə sənədlər tərtib olunmaqla 22000,00 manat məbləğində pul vəsaiti talanıb.

Toplanmış materiallarla fakt təsdiq edildiyindən Kinematoqrafçılar İttifaqının rəhbərliyi tərəfindən festivalın keçirilməsi üzrə ictimai əsaslarla səlahiyyətli nümayəndə təyin olunmuş Əfəndiyevaya Lalə Kamil qızına Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub. Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir".

Anar
AzNews.az