Prezident Astarada bir neçə obyektin açılışına qatılıb

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev sentyabrın 4-də Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran sərhəd dəstəsinin "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinin, sərhəd komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün yeni inşa olunan yaşayış şəhərciyi, həmçinin sərhəd komendantlığı və sərhəd zastavasının əsaslı təmir olunmuş xidməti binalar kompleksinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, DSX rəisi Elçin Quliyev Ali Baş Komandana məlumat verib ki, şəhərcikdəki səkkizmərtəbəli binada 77, digər iki binanın hər birində isə səkkiz mənzil var. Şəhərcikdəki 93 xidməti mənzildə də hər cür şərait yaradılıb. Burada 50 yerlik uşaq bağçası və istirahət parkı da var.

Prezident İlham Əliyev yeni mənzillərin orderlərini sərhədçilərə təqdim edib.

Burada 25,3 kilometr məsafədə dövlət sərhədinin mühafizəsinə cavabdeh olan "Astara" sərhəd komendantlığının ikimərtəbəli qərargah binası da əsaslı təmir edilib.

Azərbaycan prezidenti daha sonra Gilan İdman Klubu tərəfindən Astaranın Ərçivan qəsəbəsində inşa edilmiş Boks Mərkəzinin açılışında iştirak edib, rəmzi açılışı bildirən lenti kəsib.

Prezidentə məlumat verilib ki, mərkəzin tikintisinə cari ilin fevralında başlanıb və avqustunda yekunlaşdırılıb.

Mərkəzdə Beynəlxalq Boks Federasiyaları Assosiasiyasının standartlarına uyğun qurulmuş məşq salonu idmançıların ixtiyarına verilib.

Prezident İ. Əliyev sentyabrın 4-də Astara rayonuna səfəri çərçivəsində Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun açılışına da qatılıb.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentə məlumat verilib ki, ümumi smeta dəyəri 2 milyon 680 manat olan Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun tikintisinə cari ilin aprelində başlanıb və bu günlərdə başa çatdırılıb. Yolun uzunluğu 13,5 kilometr, asfalt örtüklü hərəkət hissəsinin eni isə 6 metrdir. Yol boyunca 1 körpü və 20 su ötürücüsü tikilib.

Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolu 24 min nəfər əhalisi olan 17 yaşayış məntəqəsini əhatə edir.

AzNews.az