Ədalətsiz həbs qərarı çıxaran hakimlərə 12 il həbs

Azərbaycanda bilərəkdən ədalətsiz hökm və qərar çıxaran hakimlərlə bağlı cəzalar sərtləşdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 295-ci maddəsinə dəyişikliklərin müzakirəyə çıxarılması gözlənilir.

Dəyişikliklərə əsasən? bilərəkdən ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxaran hakimlər 3 min manatdan 5 min manata qədər cərimə və ya 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökmlə əlaqədar olduqda, yaxud başqa ağır nəticələrə səbəb olduqda isə 8 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihənin parlamentin növbəti sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.

Hazırda qüvvədə olan qanunvericiliyə görə hakimlərin bilərəkdən ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması 5 manatdan min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökmlə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

AzNews.az