Penitensiar xidmətdən Fərhad Əliyevin saxlanıldığı türmə ilə bağlı təkzib

Ədliyyə Nazirliyi Penitensiar xidməti 2 saylı cəzaçəkmə müəssisəsində vəziyyətin nəzarətdən çıxması ilə bağlı yayılan xəbərlərin həqiqətəuyğun olmadığına dair rəsmi məlumat yayıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 10-da Azərbaycanın yerli KİV-nin birində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2 saylı Cəzaçəkmə müəssisəsində rejimə nəzarətin itməsi, müəssisədə kriminal aləmin ideyalarına meyl göstərən məhkumlar tərəfindən digər cəza çəkənlərin hüquqlarının pozulması və həmin müəssisəyə guya daxili qoşun qüvvələrinin yeridilməsinin planlaşdırılması barədə həqiqətəuyğun olmayan yazı dərc olunub.

Dərc olunmuş yazı ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar xidməti aşağıdakıları bildirir:

"2 saylı Cəzaçəkmə müəssisəsində, eləcə də digər penitensiar müəssisələrdə vəziyyət tam nəzarət altındadır. Məhkumların hüquq və qanuni mənafeləri tam qorunur və hər hansı narahatçılıq üçün heç bir əsas yoxdur. Son müddət ərzində digər müəssisələrdə olduğu kimi 2 saylı Cəzaçəkmə müəssisəsində də məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların xüsusi peşə təhsilinə, ictimai faydalı əməyə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin arasında məhkumlara göstərilən sosial və psixoloji yardımlar xüsusilə diqqət mərkəzindədir. Görülmüş işlər məhkumlar və onların yaxınları tərəfindən rəğbətlə qarşılanır.

Penitensiar xidmət, Ədliyyə Nazirliyinin digər qurumlarının əməkdaşları, habelə qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar tərəfindən cəzaçəkmə müəssisələrinə mütəmadi olaraq baş çəkilir, məhkumların saxlanma şəraiti, cəzaların icrası və çəkilməsi qaydalarına riayət edilməsinə tam nəzarət olunur. ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təşkilatların nümayəndələri, habelə İnsan Hüquqları üzrə Azərbaycan Respublikasının Müvəkkili və eləcə də ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri mütəmadi olaraq bütün müəssisələrdə monitorinqlər keçirir, nəticələr barədə kütləvi informasiya vasitələrinə müvafiq məlumatlar verirlər."

Penitensiar xidmət qeyd edir ki, vaxtaşırı olaraq cinayətkar aləmin ideyalarına meyil göstərən şəxslər bu və ya digər formada cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının fəaliyyətinə, məhkumların davranışına müəyyən təsir etmək cəhdləri edirlər:

"Bu niyyətlərin əsas məqsədi cəzaçəkmə müəssisələrində qanunvericiliklə qadağan olunmuş qurumların yaradılmasını, narkotik vasitələrin və digər qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsini təmin etməkdən ibarətdir. Lakin həm Penitensiar xidmətin, həm də tabe qurumların əməliyyat aparatları tərəfindən bu cəhdlərin qarşısı qətiyyətlə alınır və bütün lazımi profilaktik tədbirlər həyata keçirilir."

Penitensiar xidmət bildirir ki, məqalədə iddia edildiyi kimi, cəzaçəkmə müəssisələrinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların yeridilməsi fikri isə tamamilə absurddur: "Penitensiar xidmət Ədliyyə Nazirliyinin tabeliyində olan qurumdur. Penitensiar Xidmətin özünün Mühafizə Alayı və onun tərkibində müasir texnika ilə təchiz olunmuş yüksək hazırlıqlı Xüsusi Təyinatlı Bölüyü vardır. Əgər hansısa cəzaçəkmə müəssisəsində işçi heyətinin qanuni tələblərinə tabe olmamağa, müəssisənin iş fəaliyyətini qərəzli surətdə pozmağa cəhd göstərilərsə, məhkumların və yaxud əməkdaşların həyat və sağlamlığı üçün təhlükəli şərait yaranarsa, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin, Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının və "Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat"ın tələblərinə tam müvafiq olaraq həmin qüvvələrdən istifadə edilərək təhlükəsizlik tədbirləri həyata keçirilə bilər."

Beləliklə, Penitensiar xidmət bəyan edir ki, 2 saylı Cəzaçəkmə müəssisəsində vəziyyət nəzarətdən çıxması ilə bağlı dərc edilmiş məlumatlar həqiqəti əks etdirmir.

AzNews.az