Baş redaktor zorlamada ittiham olunur; İşdə məhkəmə hakiminin də adı hallanır

"OSKAR" jurnalının baş redaktoru kimi təqdim olunan Əli Tağıyev zorlamada ittiham olunur. Bu barədə AzNews.az-a zorlandığı iddia edilən qızın anası məlumat verib. Gəncə sakini olan xanım deyir: "Qızım Azərbaycan İqtisad Universitetində tələbədir. Bir gün mənə zəng etdi ki, "rəfiqəm özünə iş axtarır, danışığa mən də onunla gedəcəm".

Bunlar birlikdə "OSKAR" jurnalının Tbilisi küçəsindəki ofisinə gedib. Bunları orada Əli adlı şəxs qarşılayıb, deyib ki, jurnalın rəhbəriyəm. Əli qızımın rəfiqəsi ilə anlaşa bilməyib. Kompüter işini mənim qızıma məsləhət görüb. Bir neçə gün sonra Əli qızıma deyib ki, "səndən xoşum gəlir, gəl sənə elçi göndərəcəm". Qızım bunu mənə deyəndə əsəbiləşdim, dedim, sənin 19 yaşın var, olmaz. Mən də qızıma təhsil haqqı üçün 500 manat vermişdim. Əli qızda bu qədər pulun olduğundan xəbər tutub. Deyib ki, "ver mən sənin təhsil haqqını keçirərəm". Qız da inanıb, əlindəki 500 manatı ona verib. Bu günə kimi həmin pul nə ödənilib, nə də Əli onu geri qaytarıb. Noyabrın 28-də Əli qızımı kafelərin birinə aparıb. Orada qıza meyvə şirəsi təklif edib. Bu qız meyvə şirəsini içər-içməz özünü pis hiss edib. Əli deyib ki, "dur gedək ofisə, bir balaca iş var, onu həll edim səni evinə aparacam". Ofisə çatanda qapını arxadan bağlayıb, qızıma təcavüz edib. Qız nə qədər müqavimət göstərsə də mənasız olub. Bundan sonra qıza hədə-qorxu gəlib ki, "sən bunu valideynlərinə demə. Əgər desən, səni almayacam".
Qız da bundan qorxub, hadisəni gizlədib. İkinci dəfə qızım rayona gəlib geri dönəndə, Əli mənə zəng elədi. Dedi, "sənin qızını qaçırmışam". Polisə xəbər verdik. O, qızı bizə 10 gündən sonra qaytardı. Prokurorluğa şikayət etdim. O, bunu biləndə dedi, nə edirsinizsə edin, mənə heç kim bata bilməz, Arxamda Bakı Ağır Cinayətlərə dair Məhkəməsinin hakimi durur. Bu adam nə qədər cinayətlər edib, amma hamısında da o, ört-basdır edib. Mən də həmin hakimə bir ana kimi məktub yazdım. Dedim ki, namuslu hüquq işçisisənsə, mənim namusumu qoru, mənim qızımı zorlayıblar. Ana kimi namusum tapdalanıb".

Bunun ardınca cinayət işi üzrə ilkin təhqiqat sənədləri hazırlanıb və Yasamal Rayon Prokurorluğuna göndərilib. Cinayət işi istintaq hərəkətlərinin aparılması üçün Yasamal Rayon Prokurorluğunun müstəntiqi Əhmədov Fuad Səlim oğlunun icraatına verilib. Zorlandığı iddia edilən qızın anası bildirir ki, cinayət işi ilə bağlı heç bir hərəkət aparılmır və demək olar ki, bütün xüsusatların tam şəkildə aydın olmasına baxmayaraq, iş üzrə istintaqın müddəti qanunsuz uzadılır. Onu da bildirək ki, hazırda qeyd olunan iş Yasamal rayon Prokurorluğunda işləyən Əzizağa adlı müstəntiqə tapşırılıb. Valideyn iddia edir ki, adıçəkilən müstəntiq Əli Tağıyevə 4000 manat qarşılığında işi bağlaya biləcəyini bildirib. Valideyn bildirir ki, Ə.Tağıyev onun qızından əvvəl də 5-6 qıza eyni hadisəni yaşadıb.

Bütün bunlarla bağlı zorlamaya məruz qalan qızın vəkili Adəm Məmmədovla əlaqə saxladıq. Vəkil bizə bildirdi ki, cinayət işinə xitam verilməsini edilməsini istəyən bir sıra qüvvələr var: "Bu şəxslərə verilən səlahiyyətlər cinayət işi üzrə istintaqın tam şəkildə araşdırılmasına maneçilik törədir. Lakin biz inanırıq ki, bütün maneələr aradan qaldırılaraq, müdafiə etdiyim şəxsin gələcək həyatını korlamış və ona zorlama cinayəti nəticəsində psixi zərbə vurmuş Əli adlı şəxs layiqli cəzasını alacaq".

Qarşı tərəfin vəkili Kamandar Nəsibov isə AzNews.az-a açıqlamasında zorlanma faktının olmadığını vurğulayıb: "Onlar ər-arvad kimi 6 ay bir evdə yaşayıblar. Bu, hər ikisinin razılığı ilə olub. Qız onu sevdiyini gündəliyində də yazıb, bir neçə dəfə Gəncədəki evlərindən qaçaraq, Bakıya oğlanın yanına gəlib. Əgər zorlanma hadisəsi olmuşdusa, o zaman niyə belə hərəkət edirdi, təkrarən ona qarşı zorakılıq edən şəxsin yanına qaçıb gəlirdi? Bundan başqa qız onun evli olduğunu bilib, bununla da razılaşıb, çünki oğlanı sevib"

Vəkilin sözlərinə görə, tərəflər arasında mübahisə qızın ailəsinin Gəncədə ev tələb etməsindən sonra başlayıb: "Onların məqsədi oğlandan ev almaq olub. Ancaq oğlanın bunun üçün maddi imkan yoxdur. Hətta qızın 500 manat pulunu da qaytarmadığını iddia edirlər. Ancaq bu məbləğin ona verildiyini heç kəs təsdiq etmir".
K.Nəsibovun sözlərinə görə, istintaq hələ başa çatmayıb və araşdırma aparılır.


Elvin
AzNews.az