Fəttah Heydərov: “İlham Əliyevdən xahiş etdik ki, namizəd olsun”

"Azərbaycanda prezident seçkiləri çox demokratik, şəffaf, xalqın istəyi ilə keçirilən bir seçki olacaq".

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib. O, qeyd edib ki, seçkiyə qədər hazırlıq işləri, namizədlərin irəli sürülməsi və bütün proseslər qanunvericilik tələblərinə uyğun həyata keçirilib.

"Ancaq nəticəm bundan ibarətdir ki, Azərbaycanda prezident seçkiləri ölkə əhalisinin çox böyük faizi, 85 faizdən çoxu mövcud prezidentimiz İlham Əliyevə səs verəcək. Xalq, insanlar arasında hər zaman olan adamam, ağsaqqallarla hər zaman məsləhətləşmişik. Bu ideya da oradan əmələ gəlmişdi. Biz xahiş etdik və məsləhət gördük ki, prezidentimiz namizədliyini versin. Bu artıq reallaşıb".

F.Heydərov bildirib ki, hər bir Azərbaycan vətəndaşı öz siyasi mövqeyindən asılı olmayaraq İlham Əliyevə səs verəcək.

"Bir çox namizədlər irəli sürülüb, amma onların özləri də İlham Əliyevə səs verəcək. Çünki Azərbaycanda gedən çox sürətli inkişaf, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin bugünkü vəziyyəti ölkədə aparılan siyasətin nəticəsidir. Hər şey gələcək nəslin firavan yaşaması, müstəqil Azərbaycanın müstəqilliyinin əbədi təmin olunması, eyni zamanda bu torpaqda yaşayan insanların xoşbəxt gələcəyi üçündür. Ona görə birmənalı olaraq hörmətli prezidentimiz qısa müddətdən sonra, heç bir təbliğata, təşviqata ehtiyac olmadan Azərbaycanın bütün əhalisinin, səsvermə hüququ olan insanların hamısının rəğbətini qazanıb, yenidən Azərbaycanın prezidenti olacaq".(modern.az)

AzNews.az